Azərbaycan mədəniyyətini, tarixini xaricdə təbliğ edən “İRS” jurnalının türk dilində növbəti nömrəsi nəşr olunub.

Jurnalın bu sayında sentyabrın 27-dən noyabrın 10-dək davam edən və Ordumuzun parlaq Qələbəsi ilə sona çatan Vətən müharibəsinə geniş yer verilib.

Baş redaktor Musa Mərcanlı “Qarabağ Azərbaycandır!” sərlövhəli giriş yazısında Dağlıq Qarabağın siyasi tarixi, ermənilərin torpaqlarımıza köçürülməsi, o cümlədən bu toplumun yaratdığı problemlər barədə türkdilli oxuculara ətraflı məlumat verir.

Nəşrin yeni buraxılışında əksini tapan məqalələrdə çar Rusiyasının Qafqaz siyasəti, ermənilərin bölgəyə köçürülməsinin tarixi, onların qədim Azərbaycan torpaqlarında yerləşdirilməsinin məqsəd və nəticələrindən bəhs olunur.

“Türkiyə-Azərbaycan münasibətləri çərçivəsində beynəlxalq təhlükəsizlik məsələlərinə ortaq yanaşma” sərlövhəli məqalədə isə Qafqazdakı hazırkı vəziyyət, bölgənin qüdrətli dövlətinə çevrilən Azərbaycanın gücünü müəyyən edən mühüm amillər diqqət mərkəzinə çəkilir. Qeyd olunur ki, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri Qafqaza sülh, əmin-amanlıq, inkişaf və tərəqqi vəd edir.

Oxucular bu nömrədə həmçinin “Rəşid Behbudov: Azərbaycanın nəğmə dolu ürəyi” sərlövhəli məqalə ilə də tanış ola bilərlər.

Qeyd edək ki, “İrs” dərgisi 2002-ci ildə Moskvada rus dilində nəşrə başlayıb. Hazırda ingilis, alman, fransız, ərəb, türk, yapon, çin, italyan, ispan və s. dillərdə nəşr edilir. Jurnalın ingilis dilində variantı 70 ölkədə yayımlanır.