Niderlandın “Diplomatique Magazine” jurnalında “Azərbaycan Qobustanın qədim qayaüstü təsvirləri” adlı məqalə dərc olunub.

Məqalədə Qobustan Milli Tarixi-Bədii Qoruğu ərazisindəki qayaüstü rəsmlər (petroqliflər) və burada yaradılan muzey haqqında bəhs edilir. Qobustan petroqliflərinin Mezolit dövründən Orta əsrlərə qədər dövrü əhatə etdiyi bildirilir.

Məqalədə qoruq ərazisindəki qayaüstü təsvirlər, yaşayış yerləri, kurqanlar, mağaralar, meqalitik tikililər və türbələrdən söz açılır. Min illər ərzində burada məskunlaşmış qədim insanların həyat tərzi, məşğuliyyəti, dini inancları və erkən sənətləri haqqında danışılır. Petroqliflərin əksəriyyətində insanlar, ev və vəhşi heyvanların döyüş səhnələri, ritual rəqsləri, öküz döyüşləri, ovçuluq, balıqçılıq səhnələri əks olunduğu diqqətə çatdırılır.

Burada eramızdan əvvəl mövcud olmuş 40 növ heyvanın və 97 növ quşun sümüklərinin tapıldığı qeyd edilir.

Qobustandakı ən maraqlı kəşfin musiqi daşı – qavaldaş olduğu göstərilir. Bu gün də musiqiçilərin qavaldaşın möhtəşəm səsindən ilhamlandıqları yazılır. Qavaldaşı ilə ifa olunan Yallı rəqsinin 2012-ci ildə Bakının ev sahibliyi etdiyi “Eurovision” mahnı yarışmasının yarımfinalında təqdimatından söz açılır.

Bildirilir ki, Qobustan qayaüstü rəsmləri UNESCO-nun Dünya irsi siyahısına daxil edilib. 2011-ci ildə açılan böyük müasir Qobustan muzeyi 2013-cü ildə “Avropada ilin muzeyi” mükafatına layiq görülüb.