Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq musiqi məktəbinin fortepiano şöbəsinin şagirdi Oqtay Xudiyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının 40 illik yubileyinə həsr olunmuş akademik, xalq və caz musiqisi ifaçılarının I beynəlxalq onlayn müsabiqəsində uğur qazanıb.

Baş idarədən bildirilib ki, müsabiqə piano, simli alətlər, nəfəs və zərb alətləri, xalq çalğı alətləri, instrumental ansambl, vokal, vokal ansamblı nominasiyalarında 6 yaş qrupu üzrə keçirilib. Oqtay Xudiyev (müəllim – Sevda Rəhimova) 9-12 yaş qrupu üzrə diploma layiq görülüb.

Qeyd edək ki, yeniyetmə pianoçu ötən ilin yayında İspaniyada keçirilən “Word Art Games” (Dünya incəsənət oyunları) beynəlxalq onlayn müsabiqəsində birinci yerə layiq görülmüşdü. O, həmçinin bu il İspaniyada keçiriləcək “Sea Sun Festival”ın 2-ci turuna dəvət alıb.