Azərbaycan

 

14 fevral 1925 – Xalq artisti, dirijor, Dövlət mükafatı laureatı Nazim Əsədulla oğlu Rzayev (1925 – 2.5.2006) anadan olub.

14 fevral 1980 – Görkəmli aktyor, rejissor, Xalq artisti Rza Təhmasib (20.4.1894 – 1980) vəfat edib. “Bakıda küləklər əsir”, “Qanun naminə” və s. filmlərdə çəkilib, “Onu bağışlamaq olarmı?” filminin rejissorudur.

 

15 fevral 1909 – Əməkdar incəsənət xadimi, aktrisa Xədicə Bahəddin qızı Qazıyeva (1909 – 8.7.1991) Kazan şəhərində doğulub. 1926-cı ildə Azərbaycana gəlib, Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.

15 fevral 1914 – Xalq artisti, aktyor Muxtar Həsən oğlu Avşarov (1914 – 6.12.2004) anadan olub. Gəncə Dram, Akademik Milli Dram, Bakı Bələdiyyə teatrlarında çalışıb, filmlərdə çəkilib.

15 fevral 1933 – Əməkdar artist Bürcəli Veysəl oğlu Əsgərov (1933 – 1.11.2005) Borçalı bölgəsinin Qasımlı kəndində doğulub.

15 fevral 2005 – Xalq artisti, teatr və kino aktrisası Xuraman Hacıyeva (7.3.1945 – 2005) vəfat edib.

 

16 fevral 1913 (yeni təqvimlə 1 mart) – Xalq yazıçısı Ənvər Qafar oğlu Məmmədxanlı (1913 – 19.12.1990) Göyçayda anadan olub. “Şərqin səhəri”, “Od içində”, “Şirvan gözəli” pyeslərinin, nəsr əsərlərinin müəllifidir. “Fətəli xan”, “Babək” filmlərinin ssenarisini yazıb.

16 fevral 1916 – Tanınmış sənətşünas, akademik Əbdülvahab Rəhim oğlu Salamzadə (1916 – 19.8.1983) Şamaxıda doğulub. Azərbaycan memarlıq tarixinə dair tədqiqat əsərlərinin müəllifidir.

16 fevral 1918 – Qəzəlxan şair, tərcüməçi Qəni Hüseynqulu oğlu Hüseynov (Həkim Qəni; 1918 – 10.6.2008) anadan olub.

16 fevral 1925 – Görkəmli memar Zivər bəy Əhmədbəyov (1873-1925) vəfat edib. Təzəpir məscidinin layihə müəllifidir. Cümhuriyyət dövründə Bakının baş memarı olub.

16 fevral 1945 – Opera müğənnisi, aktyor, rejissor, pedaqoq, Xalq artisti Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev; 20.3.1879 – 1945) vəfat edib.

 

Dünya

 

14 fevral 1914 – İtalyan kinorejissoru, ssenarist Pyetro Cermi (Pietro Germi; 1914-1974) anadan olub. “İtalyansayağı boşanma” filminə görə “Oskar” mükafatı (1963) alıb.

 

15 fevral 1906 – Tatar şairi, Sovet İttifaqı Qəhrəmanı Musa Cəlil (1906 - 25.8.1944) anadan olub. Böyük Vətən müharibəsində əsir götürülüb, Berlində Moabit həbsxanasında öldürülüb.

 

16 fevral 1845 – Amerika yazıçısı Corc Kennan (George Kennan; 1845-1924) anadan olub.

Hazırladı:  Vüqar ORXAN