Azərbaycan

 

17 fevral 1919 – Ədəbiyyatşünas, mətnşünas, klassik poeziyanın bilicisi Əli Fəhmi (1919 – 13.3.1975) Bakının Sabunçu qəsəbəsində anadan olub.

17 fevral 1926 – Xalq artisti Sofya Həsən qızı Hüseynova (1926 – 30.7.2015) Naxçıvanda doğulub. Naxçıvan teatrının ilk azərbaycanlı aktrisası Xədicə Qazıyevanın qızıdır, uzun illər bu teatrda çalışıb.

17 fevral 1945 – Əməkdar artist Vəli Allahverdi oğlu Babayev (1945-1989) Naxçıvanda anadan olub. Naxçıvan Musiqili Dram Teatrının baş rejissoru işləyib.

17 fevral 1895 – Qəzəlxan şair, Əməkdar incəsənət xadimi Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov; 1895 – 1.10.1965) Bakının Masazır kəndində doğulub. Nizami, Xaqani, Füzuli, Nəvai və b. şairlərin qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

 

18 fevral 1201 – Dahi riyaziyyatçı, astronom və filosof Nəsirəddin Məhəmməd ibn Həsən Tusi (1201 – 23.6.1274) Həmədan şəhərində anadan olub. “Əxlaqi-nasiri” etik traktatı, fəlsəfəyə dair əsərlərin müəllifidir. 

18 fevral 1924 – Əməkdar artist Osman İsmayıl oğlu Hacıbəyov (1924-1979) Şuşa şəhərində doğulub. Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olub.

18 fevral 1925 – Publisist, tərcüməçi Hacı Əliheydər oğlu Hacıyev (1925-2008) anadan olub. Uzun illər Azərbaycan Jurnalistlər Birliyinə rəhbərlik edib.

18 fevral 1934 – Yazıçı-dramaturq, publisist Şamil Xurşud (Şamil Xurşud oğlu Fərzəliyеv; 1934-1986) Ucar rayonunda (əslən Ermənistanın Sisyan rayonunun Ağudi kəndindəndir) anadan olub. Əsərləri: “Ağaclar kəsilmədi”, “Naxırçı çörəyi”, “Yol ayrıcında” və s.

18 fevral 1947 – Əməkdar rəssam Ənvər Vahid oğlu Qarayev (1947 – 30.1.2011) Şəkidə anadan olub. Dekorativ-tətbiqi sənət, xalça, batika, parça üzərində tikmə texnikasının mahir ustası idi.

 

19 fevral 1897 – Xalq artisti Antonina Mixaylovna Filippova (1897-1976) anadan olub. Dövlət Rus Dram Teatrında çalışıb.

19 fevral 1921 – Əməkdar artist, tarzən Məmmədağa Məmmədhəsən oğlu Muradov (1921-1969) Bakıda doğulub. Filarmoniyanın Xalq çalğı alətləri orkestrinin solisti, konsertmeysteri olub.

 

20 fevral 1900 – Xalq artisti, aktyor, rejissor Səməd Məmməd oğlu Mövləvi (1900 – 3.2.1962) anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.

20 fevral 1915 – Əməkdar artist Rüxsarə Əli qızı Ağayeva (1915 – 26.11.1994) Bakıda anadan olub. Naxçıvan, Qazax teatrlarında, Gənc Tamaşaçılar Teatrında çalışıb, filmlərdə çəkilib.

20 fevral 1925 – Əməkdar artist, vokalçı Kamal Həmid oğlu Kərimov (1925-1992) Bakıda doğulub. Musiqili Komediya, Opera və Balet teatrlarında çalışıb.

20 fevral 1928 – Şair, dramaturq Əliağa Kürçaylı (Əliağa Həsənağa oğlu Vəliyev; 1928 – 11.2.1980) Salyan rayonunun Kürqaraqaşlı kəndində doğulub. Kitabları: “Yollarda axtar məni”, “Həyatın dolayları” və s. Rus poeziyasından tərcümələr edib.

20 fevral 1957 – Ustad tarzən, Əməkdar artist Məmmədxan Məmmədrza oğlu Bakıxanov (1890-1957) vəfat edib.

20 fevral 1984 – Böyük bəstəkar, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Məşədi Cəmil oğlu Əmirov (22.11.1922 – 1984) vəfat edib. “Min bir gecə” baleti,  “Sevil” operası, simfonik muğamlar, “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu”və s. əsərlərin müəllifidir.

 

Dünya

 

17 fevral 1600 – İtalyan filosofu və şairi Cordano Bruno (Giordano Bruno; 1548-1600) inkvizisiyanın (Katolik kilsəsinin məhkəməsi) qərarı ilə edam edilib.

 

18 fevral 1934 – Rusiyanın Xalq artisti, sirk ustası Muxtarbek Kantemirov (1934-2017) anadan olub. “Azərbaycanfilm”də “Qorxma, mən səninləyəm!” filmində çəkilib.

 

19 fevral 1743 – İtalyan bəstəkarı Luici Bokkerini (Luigi Boccherini; 1743-1805) anadan olub.

 

20 fevral 1925 – Amerika rejissoru, ssenarist, Kann, Venesiya, Berlin festivallarının qalibi Robert Altman (1925-2006) anadan olub.

Hazırladı:  Vüqar ORXAN