Beynəlxalq Muğam Mərkəzi (BMM) 2020-ci ildə  pandemiya səbəbindən canlı konsert və layihələr həyata keçirə bilməsə də, mart-dekabr ayı ərzində onlayn layihələri ilə musiqisevərlərin görüşünə gəlib. Bu barədə BMM-nin 2020-ci ildə fəaliyyəti ilə bağlı yaydığı məlumatda bildirilir.

Qeyd edilir ki, Beynəlxalq Muğam Mərkəzi karantin günlərində yeni onlayn layihələrə start verərək, vətəndaşlara bütün mümkün vasitələrdən istifadə edərək Azərbaycan mədəniyyətinin, muğam sənətimizin zənginliyini çatdırmağa çalışıb. Mütəmadi olaraq müxtəlif konsert, elmi nəzəri və tədqiqat xarakterli layihələrlə tamaşaçıların görüşünə gələn BMM onlayn şəkildə öz “Facebook” və “Instagram” səhifəsindən izləyicilərə mədəni xidmət göstərməkdədir. Mərkəz tərəfindən bir neçə layihələr təqdim edilib ki, bunlardan birincisi BMM-nin solistlərinin ifalarıdır. İfalar gündəlik olaraq səhifələrdə yer alıb, bundan əlavə Beynəlxalq Muğam Mərkəzinin foyesində büstləri bərqərar olan muğam korifeyləri və muzey hissəsindən qədim musiqi alətləri ekspozisiyasından mühazirələr təqdim olunub. Layihələrin məqsədi insanları incəsənətə, muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimiz, muğam korifeylərimizi böyük auditoriyaya tanıtmaqdır. Karantin rejiminin tətbiq edildiyi ilk günlərdə #evdəqal kampaniyasına töhfə olaraq solistlərin ifasında "Qarabağ şikəstəsi"ni təqdim etdi.  Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının "Bizi birləşdirən dəyər” layihəsində də Beynəlxalq Muğam Mərkəzi yaxından iştirak etdi. Layihə bir neçə ay məhz Mərkəzdən canlı olaraq yayımlandı.

BMM-nin  kollektivi koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürdüyü təşəbbüsə qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 3000 manat vəsait köçürüb.

 

Virtual reallıq...

 

BMM-in layihələri – “Unudulmayanlar”, “Muğam axşamları”, “Etnik musiqi inciləri”, “Sirlər xəzinəsi”, “Qəzəllər”, “Aşıq musiqisi axşamları” çərçivəsində təşkil edilən konsertlər adından da göründüyü kimi, milli musiqimizin, muğamlarımızın təbliğinə xidmət edir.  Bütün bu layihələrin əksəriyyəti onlayn formata keçərək davam etdirilib.

Yola saldığımız 2020-də Beynəlxalq Muğam Mərkəzi və Avrasiya Xalqları Assambleyası arasında “Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində videokonfrans təşkil edildi. BMM-nin direktoru Xalq artisti videokonfarnsda məruzə ilə çıxış etdi.  Videokonfrans zamanı BMM-nin təqdimatı və Assambleya ilə əməkdaşlığın gələcək planları və birgə layihələrin təşkili müzakirə olundu.  BMM direktorunun iştirakı ilə ikinci konfrans isə noyabrda təşkil edildi. “Beynəlxalq ictimai münasibətlərin maddi-mədəni əsasları” adlı beynəlxalq onlayn konfransın tərəfdaşları Rusiyanın UNESCO üzrə Komissiyası, Avrasiya Yaradıcılıq Gildiyası (London), Beynəlxalq Muğam Mərkəzi, İtaliyanın Verona şəhərindəki Rus Mədəniyyət Mərkəzi və Lixtenşteyn Milli Muzeyidir. Onlayn konfransın məqsədi dünya ictimaiyyətinin diqqətini humanitar təhlükəsizliyə və beynəlxalq mədəni əməkdaşlığın yeni formalarına yönəltmək idi.

Virtual reallıq tələb edən pandemiya dövründə onlayn təqdim edilən layihələrdən biri də  “Trend” informasiya agentliyi və Beynəlxalq Muğam Mərkəzinin "Havalansın Xanın səsi, Qarabağın şikəstəsi" adlı ilk beynəlxalq layihəsi oldu.  Təqdimatda  Azərbaycan və Türkiyədən olan mədəniyyət xadimləri erməni vandalizmi ilə bağlı müzakirələrdə fikirlərini bölüşdülər.

 

Layihələr ...

 

BMM-nin “Muğam axşamları” layihəsi 18 sentyabr tarixində Milli Musiqi günü münasibətilə Beynəlxalq Muğam Mərkəzi və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi birgə layihə təqdim etdi. İçərişəhərdə Şirvanşahlar sarayı kompleksində, XVII əsrin memarlıq abidəsi olan Yeraltı hamamda və Bakı Xan Sarayının ərazisində onlayn olaraq yayımlandı və  konsert proqramında 20-ə yaxın musiqi nömrəsi təqdim olundu.

Mart ayında Dövlət Turizm Agentliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Avstriyanın "Radio Ö 1" dövlət radiosunun əməkdaşları BMM-də oldular. Radionun əməkdaşları Erich Klein və Roman Tschiedl Beynəlxalq Muğam Mərkəzinin yaranması, memarlıq üslubu və fəaliyyəti ilə tanış oldular.

Həmçinin Türkiyənin TRT Avaz kanalı Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətini əks etdirən süjet yayımlayıb. Müxbir Fatih Avanos muğam sənətinin Azərbaycan xalqı üçün nə dərəcədə böyük önəm kəsb etdiyini vurğulayaraq diqqətə çatdırıb ki, paytaxt Bakıda Azərbaycanın milli musiqisini yaşadan olduqca müasir və sənət baxımından mühüm əhəmiyyət kəsb edən bir mərkəz fəaliyyət göstərir.

 

Tədqiqat işləri

 

BMM muğam sənətinin müxtəlif istiqamətlərində tədqiqatlar aparır. Muğam korifeylərinin həyat və yaradıcılığını araşdıran tədqiqatlar “Unudulmayanlar” layihəsi çərçivəsində reallaşdırılır. Bu günə kimi muğam korifeylərindən Hacı Hüsü, Mirzə Güllər, Mirzə Məhəmməd Həsən haqqında faktları təqdim edən mərkəz XIX əsrin II yarısı muğam ifaçılığının ən görkəmli nümayəndələrindən biri olan Məşədi Məmməd Fərzəliyevin qəriblikdə olan məzarının axtarışına başlayıb. BMM apardığı tədqiqatlar nəticəsində xanəndənin irsi ilə bağlı musiqi mədəniyyətimizə məlum olmayan bir sıra yeni sənədlər aşkar edilib. Ötən ildən BMM-nin rəhbərliyinin təşəbbüsü ilə mərkəzin foyesini bəzəyən büstlərin – mənəvi sərvətlərimizin hər biri haqqında sənədli filmin çəkilişlərinə start verilib. Layihənin ilk filmi tanınmış muğam ustası, Azərbaycan, Gürcüstan eləcə də Yaxın Şərq ölkələrində adı dillər əzbəri olmuş Bülbülcana həsr edilib.

 

Vətən müharibəsi ...

 

Vətən müharibəsi başlanandan gündən kiçikdən böyüyə hər bir azərbaycanlı Qarabağın işğaldan azad ediləcəyi günü səbirsizliklə gözləyirdi. Cəbhədə Azərbaycan Ordusunun qazandığı qələbələr xalqımızda ruh yüksəkliyi yaratdı və Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız zəfər çaldı. Müharibə günlərində  Beynəlxalq Muğam Mərkəzinin kollektivi şanlı ordumuza dəstək olmaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüb.

Vətən müharibəsi günlərində Beynəlxalq Muğam Mərkəzi (BMM) Ermənistanın Azərbaycana qarşı apardığı terror siyasətinin dayandırılmasına dair beynəlxalq təşkilatlara müraciət ünvanladı həmçinin BMM direktoru Xalq artisti Murad Hüseynov UNESCO rəhbərliyinə məktub ünvanladı.

Hərbi vətənpərvərlik mövzusunda “Qarabağ Azərbaycandır!” adlı videoçarx hazırlandı. Müasir Azərbaycan tarixinin taleyüklü, zəfər dolu günlərində lentə alınan 3 hissəli videoçarxda muğam ifaçıları Ali Baş Komandana və Ordumuza dəstəklərini ifadə etdilər.

Hazırda pandemiya səbəbindən bütün teatr-konsert müəssisələri kimi BMM –nin qapıları da tamaşaçılar üçün bağlanıb. Buna baxmayaraq onlayn şəkildə “Aşıq musiqimizin inciləri”, “Unudulmayanlar”, “Milli musiqi alətlərimiz” , “Qarabağın musiqi xəzinəsi” adlı layihələri davam etdirilir. Həftə içi “Muğam axşamları” onlayn layihəsinin konsertləri “YouTube” və sosial şəbəkə hesablarımız ilə yayımlanır.

 

Mədəni irsə qayğı...

 

Bütün bu sadalananlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik siyasəti və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkənin hərtərəfli inkişafı, milli-mədəni irsimizin, musiqi mədəniyyətimizin həm ölkəmizdə, həm də xaricdə tanıdılması, təbliği üçün göstərdiyi misilsiz xidmət nəticəsində mümkün olub. Beynəlxalq Muğam Mərkəzi fəaliyyətini daha da genişləndirərək  konsert tədbirləri, elmi-tədqiqat sahəsində konfranslar, milli musiqi, aşıq və muğam sənətimizin inkişafına və təbliğinə xidmət edən yeni layihələrlə tamaşaçıların görüşünə gələcək.