Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycanın Bolqarıstandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində Bolqarıstanın qədim tarixə və zəngin mədəniyyətə sahib olan Kırcali şəhərində Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının premyerası keçirilib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan bildirilib ki, dahi bəstəkarın dünyaca məşhur əsəri Kırcali şəhərindəki  “Kadriye Latifova” Musiqili Teatrında səhnəyə qoyulub. “Arşın mal alan”ın Bolqarıstanda təqdimatı Üzeyir Hacıbəylinin 135 illik yubileyinə həsr olunub. Ötən il reallaşması nəzərdə tutulan layihə pandemiya səbəbindən indi gerçəkləşib. Əsərin səhnələşdirilməsi həmçinin Kırcali teatrının yaradılmasının 60-cı ilinə təsadüf edir.

Tamaşanın rejissoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, rəssamı Tomiana Tomova Naçeva, xoreoqrafı Ginka Kirçevadır. Rolları İzmir Dövlət Teatrının aktrisası Məsurə Tahir (Gülçöhrə), eyni zamanda bolqar və türk artistləri Yaqub Yaqub (Əsgər), Dinko Kovaçev (Soltan bəy), Nursən Əbdürrəhman (Cahan xala), Orxan Tahir (Süleyman), Kərimə İsmayıl (Asya), Mustafa İsmayıl (Vəli), Aysun Əhməd (Telli) ifa ediblər.

Tamaşa izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasının tarixi-mədəni irsinin qorunması, araşdırılması və təbliği, həmçinin türkdilli xalqların görkəmli şəxsiyyətlərinin, onların əsərlərinin tanıdılması istiqamətində layihələr həyata keçirir.  2019-cu ilin mart ayında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycanın Bolqarıstandakı səfirliyinin birgə təşkilatçılığı ilə Sofiya və Kırcali şəhərlərində Novruz bayramına həsr olunmuş şənliklər keçirilib.