Azərbaycanın parlaq qələbəsi ilə başa çatmış müharibədə bu ölkədə yaşayan yəhudilər də iştirak ediblər. Yəhudilər tarixən Azərbaycanı özləri üçün doğma ev, Vətən hesab ediblər.
Bu fikirlər Vaşinqtondakı “Qarabağ Fondu”nun keçmiş icraçı direktoru Diana Koen Altmanın “JNS.com” yəhudi xəbər saytında dərc olunmuş məqaləsində əks olunub.
Müəllif qeyd edir ki, yəhudilərin uzun illər boyu davam etmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə və azərbaycanlıların Qarabağdakı torpaqlarına qayıtmasına münasibəti Azərbaycanda müsəlmanların yəhudilərə müsbət münasibətindən qaynaqlanır.
Diana Koen Altman yazır: “Bu, Vətənə qayıtmağın çətinlikləri və mədəni irslə əlaqədar emosiyalarla bağlıdır. Yəhudilər tarix boyu bu hisslərlə yaşayıblar. Qarabağın 30 ildən artıq erməni işğalında qalması və bu müddətdə azərbaycanlıların orada olmaması Azərbaycan mədəniyyətinin və Azərbaycan həyatının landşaftını dəyişib. Bu illər ərzində BMT tərəfindən qəbul edilmiş bir neçə qətnamədə Qarabağın Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisi olmasının vurğulanmasına baxmayaraq, beynəlxalq birlik azərbaycanlıların Qarabağda öz irsini və evlərini itirmələrinə biganə qalmışdı”.
Məqalə müəllifi qeyd edir ki, Azərbaycan yəhudiləri də Qarabağı bu ölkənin döyünən ürəyi hesab edirlər.
Məqalədə deyilir: “Azərbaycanın Quba rayonundakı məşhur Qırmızı Qəsəbədən olan əsgər Daniel Zərbəliyev 30 ilə yaxın bundan əvvəl işğal edilmiş torpaqların azad olunmasında özünün də iştirak etməsinə görə qürur duyur. Onun keçirdiyi hisslər digər Azərbaycan yəhudisi – 1992-ci ilin may ayında Qarabağda qəhrəmancasına həlak olmuş, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş Albert Aqarunovun taleyini yada salır. Aqarunov ölümündən əvvəl demişdi: “Bu, mənim torpağımdır. Mənim başqa Vətənim yoxdur. Öz evimi müdafiə etmək mənim üçün təbiidir”.
Altmanın sözlərinə görə, azərbaycanlıların, nəhayət, öz evlərinə qayıtması, həqiqətən, bütün dünya azərbaycanlılarını sevindirir. Məqalə müəllifi vurğulayır: “Azərbaycanlıların çoxu Qarabağı Azərbaycanın əsrlər boyu yaradılmış zəngin və rəngarəng irsinin mərkəzi hesab edirlər. 1988-ci ildə Qarabağın itirilməyə başlanması çoxları üçün real şok təsiri bağışlamışdı. Qarabağdan məcburi köçkün düşmüş insanlar üçün Vətənə qayıtmaq öz ailəsinə, öz uşaqlıq illərinə qayıtmaq deməkdir. Qarabağ çox kədərli və eyni zamanda çox xoş xatirələr oyada bilər”.
Amerikalı mütəxəssis öz məqaləsində statistik məlumatlar da gətirir: “Bəzi adamlar Qarabağda bu sevimli mədəniyyət xadimlərinin şərəfinə yaradılmış muzeyləri xatırlaya bilər. Lakin Beynəlxalq Muzeylər Şurasının (İCOM) Azərbaycan Milli Komitəsinin məlumatına görə, Qarabağda münaqişə nəticəsində 900 yaşayış məntəqəsi, 150 min ev, 7000 ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 63 məscid, 473 tarixi abidə, 22 muzey, 100 mindən çox muzey eksponatı və digər infrastruktur obyektləri dağıdılıb.
Mədəni dəyərlərin məhv edilməsi müharibənin dağıdıcı nəticələrindən biridir. Bəs, mədəniyyətin məhv edilməsinə nə ad qoymaq olar? Altman yazır: “UNESCO, Metropoliten Muzeyi, Smitson İnstitutu və digər təşkilatlar müharibədən sonrakı dövrdə Qarabağdakı irsə hörmətlə yanaşmağa çağırırlar. Azərbaycan Mədəniyyət Nazirliyi, İCOM-un Azərbaycan Milli Komitəsi və digər qurumlar dərhal bildirdilər ki, bu çağırışlar çox gec səslənib”.
“Qarabağ Fondu”nun keçmiş icraçı direktoru məqaləsinin sonunda yazır: “Mədəni dəyərlərin qorunması haqqında bu dialoqun mənasını anlamaq üçün qərbli müşahidəçilər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsasını təşkil edən təhlükəni başa düşməlidirlər. Bütövlükdə, azərbaycanlılar Qarabağı Azərbaycan mədəniyyətinin və sivilizasiyasının beşiyi, Azərbaycanın ayrılmaz hissəsi hesab edirlər”.