Yanvarın 12-də müsəlman Şərqinin ilk operası olan “Leyli və Məcnun”un premyerasının 113 ili tamam oldu. Dahi Üzeyir Hacıbəylinin yazdığı operanın ilk tamaşası 1908-ci ilin 12 yanvarında (yeni təqvimlə 25 yanvar) Bakıda Tağıyev teatrında gerçəkləşib.
“Leyli və Məcnun” operası ilə Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açılıb. Bu əlamətdar hadisə o dövrə aid bir sıra muzey eksponatlarında yaşayır.
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində bərpa edilən qurama texnikalı tikmənin üzərində aşkarlanan yazılar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk tamaşasının proqram-afişasını əks etdirir.
2011-ci ildə Milli Azərbaycan Tarixi Muzeyindən Elmi Bərpa Mərkəzinə daxil olan qurama texnikalı tikmənin bərpası zamanı onun demontaj edilmiş bir hissəsində ipək parçanın üzərində həm əski əlifba, həm də köhnə kiril əlifbası ilə olan yazılar aşkarlanıb. Bu yazılar 1908-ci il yanvarın 12-də “Nicat” Maarif Cəmiyyəti tərəfindən həvəskar aktyorların Hüseyn Ərəblinskinin rejissorluğu və müəllifin nəzarəti ilə müsəlman səhnəsində ilk dəfə olaraq Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk tamaşasının proqram-afişasını əks etdirirdi. Proqram-afişanın üzərində ilk tamaşada rolları ifa edən aktyorların adı, rejissorun adı və s. ilə yanaşı, yanvarın 14-də oynanılacaq növbəti tamaşanın anonsunu əks etdirən yazılar da var idi.