Yanvarın 11-də təhsil naziri Emin Əmrullayev İCESCO-nun Baş direktoru Salim əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüşdə İCESCO ilə təhsil sahəsində əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin vətəndaşları üçün təsis edilən təhsil qrantı çərçivəsində ümumilikdə 51 nəfərin ölkəmizin ali təhsil müəssisələrində təhsil almaq hüququnu qazanması qeyd olunub.
Nazir həmçinin ötən ilin 27 sentyabrından 10 noyabradək davam etmiş müharibə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə, dinc insanlara qarşı raket və artilleriya zərbələri nəticəsində 10 şagirdin həlak olduğunu, 16 şagirdin yaralandığını, 54 təhsil müəssisəsinin müxtəlif dərəcəli dağıntılara məruz qaldığını qonaqların diqqətinə çatdırıb. Təhsil naziri dəymiş zərərin aradan qaldırılması istiqamətində müvafiq addımların atıldığını vurğulayıb.
Görüşdə İCESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə də iştirak edib.