Mədəniyyət naziri təşkilatın Baş direktoru Salim əl-Malik ilə görüşüb

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı – İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycana səfərə gəlib.

Yanvarın 11-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov İCESCO-nun Baş direktoru ilə görüşüb. Görüşdə Azərbaycan-İCESCO əlaqələri, əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Nazir Anar Kərimov Salim əl-Maliki salamlayaraq onun İCESCO-nun Baş direktoru kimi ilk səfərini Azərbaycana etməsinə görə təşəkkürünü bildirib. Azərbaycanla təşkilat arasında uzunmüddətli və sıx əməkdaşlıq əlaqələrinin inkişafında Prezident İlham Əliyev və Birinci vitse-prezident, İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna rolunu vurğulayan Anar Kərimov bu münasibətlərin dostluq və həmrəylik üzərində təşəkkül tapdığını qeyd edib.

Nazir son dövrdə İCESCO-da həyata keçirilən islahatları alqışladığını və Azərbaycanın da bu istiqamətdə həmrəylik göstərəcəyini diqqətə çatdırıb.

Anar Kərimov həmçinin İCESCO Baş direktorunun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmək təşəbbüsünü və işğal zamanı ölkəmizin tarixi-mədəni və dini irsinin məhv edilməsinin nəticələrini bilavasitə görmək istəyini yüksək qiymətləndirib. Qeyd edib ki, bu, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə beynəlxalq missiyanın ilk səfəri olacaq. “Biz istəyirik ki, İCESCO missiyası bu səfər zamanı gördükləri ilə bağlı obyektiv hesabat hazırlasın”, – deyə nazir vurğulayıb. 

İCESCO-nun obyektiv mövqeyinin Azərbaycan tərəfindən yüksək dəyərləndirildiyini deyən Anar Kərimov təşkilatın ölkəmizin haqlı mövqeyini paylaşdığına görə təşəkkür edib. Bildirib ki, biz  İCESCO-nun mədəni irsin qorunması sahəsində səylərini yüksək qiymətləndirir və bu sahədə əməkdaşlığı davam etdirmək, həmçinin kreativ sənayenin inkişafında bərabər səylər göstərmək istəyirik. Eyni zamanda Azərbaycanla təşkilat arasında mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlığa Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən İCESCO üzrə Milli Komissiyanın töhfələrini artırmaqda davam edəcəyik.

Salim əl-Malik ölkəmizə səfərindən məmnunluğunu bildirərək göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, İCESCO-nun beynəlxalq hüquqa, xüsusilə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq, Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığını və suverenliyini daima dəstəklədiklərini, ötən ilin sentyabr-noyabr aylarında baş verən müharibə zamanı da eyni mövqedən çıxış etdiklərini deyib.

Salim əl-Malik əlavə edib ki, belə bir tarixi zamanda İCESCO ilə Azərbaycan arasında uzun illərdir davam edən dostluq və əməkdaşlığı davam etdirmək, qarşılıqlı şəkildə genişləndirmək və dəstəkləmək lazımdır. O, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini vurğulayıb və bildirib ki, təşkilat bu istiqamətdə də öz dəstəyini davam etdirəcək.

Anar Kərimov ölkəmizlə bağlı xoş sözlərinə görə təşəkkür edərək İCESCO ilə əməkdaşlığın mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” çərçivəsində də çox uğurla davam etdiyini vurğulayıb. Bildirib ki, 2011-ci ildə əsası qoyulan Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas tərəfdaş beynəlxalq təşkilatlarından biri də İCESCO-dur və biz bu tərəfdaşlığın yeni Baş direktorun dövründə də davam etdiriləcəyinə əminik.

Nazir İCESCO ilə daha bir əməkdaşlıq istiqaməti kimi rəqəmsal texnologiyaların mədəniyyət sahəsində tətbiqi ilə bağlı birgə startap layihəsini həyata keçirməyi təklif edib.

Sonra görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib. Diqqətə çatdırılıb ki, yanvarın 12-də İCESCO heyəti Azərbaycanın işğaldan azad olunmuş rayonlarına səfər edəcək.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə İCESCO-nun Elm və innovasiyalar sektorunun müdiri Rahil Qəmər, təşkilatın Mədəniyyət sektorunun müdiri Məhəmməd Zain Alabdern, İCESCO-nun Tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun və Sivilizasiya Dialoq Mərkəzinin rəhbəri Xalid Fatih əl-Rəhman və başqaları daxildir.