Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsində hazırlanan “Molla Nəsrəddin” ensiklopediyası” çapdan çıxıb.
Ensiklopediyanın baş redaktoru Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, tərtib edəni və çapa hazırlayanı filologiya elmləri doktoru, professor Vüqar Əhməd, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva, koordinatoru filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlidir.
Nəşr Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə işıq üzü görüb. Ensiklopediyada məqalələrin müəllifləri İsa Həbibbəyli, Asif Rüstəmli, Vüqar Əhməd, Elçin Mehrəliyev, Gülbəniz Babayeva, Rauf Sadıxov, Elmira Qasımova, Müştəba Əliyev, Aynurə Paşayeva, Gülnar Qasımlı, Dilbər Rzayeva, Təhminə Vəliyeva, Şəfəq Nasir və başqalarıdır.
Nəşrə ön söz yazan akademik İsa Həbibbəyli qeyd edir ki, “Molla Nəsrəddin” ensiklopediyası” Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının, bütün mollanəsrəddinçilərin çoxcəhətli ədəbi-ictimai fəaliyyətinin ensiklopedik kitabıdır.
“Elm” nəşriyyatında çap olunan ensiklopediyanın “Əlavələr” bölməsində “Molla Nəsrəddin”in nəşr olunduğu ünvanlar və mətbəələr, redaktorları və jurnalın nömrələri haqqında məlumat verilib. Həmçinin mollanəsrəddinçilərdən bəhs edən doktorluq və namizədlik dissertasiyalarının və bu mövzuda kitabların siyahısı da nəşrdə yer alıb.