Qazaxıstanın paytaxtı Nur-Sultanda türk respublikalarının müstəqilliyinin 30-cu ildönümü çərçivəsində Qarabağ və Azərbaycan Xalq Cümhuriyyəti haqqında nəşrlərin təqdimatı keçirilib.
Beynəlxalq Türk Akademiyasının (BTA) çap etdiyi “Qarabağ: Azərbaycanın cövhəri: tarixi, mədəniyyəti, təbiəti” kitab-fotoalbomu, “İtirilmiş xoşbəxtliyim. Qarabağın gerçək hekayələri” kitabı və “Azərbaycan Xalq Cümhuriyyəti – 100” ensiklopedik nəşri vasitəsilə qazaxıstanlı oxuyucular ölkəmizin qədim və müasir tarixi, mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsi, onun nəticələri barədə geniş məlumatlar əldə edə biləcəklər.
Qarabağ münaqişəsinin tarixinə və 44 günlük Vətən müharibəsinə həsr olunan qısametrajlı filmin təqdimatı ilə başlayan mərasimdə BTA-nın prezidenti Darhan Kıdıralı bildirib ki, təşkilat İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanla sıx həmrəylik nümayiş etdirib və kitab-fotoalbom da məhz Şuşa şəhərinin işğaldan azad edildiyi gün çapdan çıxıb.
Onun sözlərinə görə, nəşrdə Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı fundamental məlumatlar toplanıb. İlk dəfə bir beynəlxalq təşkilat tərəfindən belə bir kitab hazırlanıb və nəşrdə həmin bölgənin tarixi, mədəniyyəti ilə yanaşı, beynəlxalq təşkilatlar tərəfindən Qarabağla bağlı indiyədək qəbul olunan sənədlər əks olunub.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında xarici dillərdə nəşr olunan bu cür kitabların böyük əhəmiyyətə malik olduğunu qeyd edib. Diplomat Vətən müharibəsində ölkəmizə göstərdiyi dəstəyə görə Beynəlxalq Türk Akademiyasına təşəkkürünü çatdırıb.
Tədbirə videokonfrans vasitəsilə qoşulan Qırğız Respublikasının keçmiş dövlət katibi Osmanakun İbrahimov, Azərbaycan Milli Məclisi Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, Qazaxıstanın Saken Seyfulin Muzeyinin direktoru Nasipbek Aytulı, Özbəkistan-Azərbaycan Dostluq Qrupunun icraçı direktoru Erkin Nuriddinov, Milli Məclisin deputatı Arzu Nağıyev təqdim olunan kitabların Azərbaycanın qədim və müasir tarixinin türk dünyasında daha yaxından öyrənilməsi baxımından böyük önəm kəsb etdiyini vurğulayıblar.