Azərbaycan kinosunun inkişafına bilik və bacarığı ilə dəstək olan, quruluş verdiyi müxtəlif janrlı ekran əsərləri ilə kino sənətimizə uğur gətirən rejissorlarımızdan biri də respublikanın Xalq artisti, Dövlət mükafatı laureatı Eldar Quliyevdir. Yanvarın 18-də görkəmli kino xadiminin 80 yaşı tamam olur. Yaradıcılığı haqqında söz açmazdan öncə sevimli rejissorumuzu təbrik edir, ona cansağlığı arzulayırıq.
Fərdi təfəkkürünü, dünyagörüşünü, yaddaşının izini kinoda əks etdirən, mürəkkəb münasibətlərə, qəliz həyat hekayələrinə məntiqli münasibət bildirən, insanları narahat edən müxtəlif səpkili problemləri, görmək istədiyi həyat tablolarını kino sənətində canlandıran realist sənətkar Eldar Quliyevin yaradıcılıq palitrası çox zəngindir. İnsan psixologiyasını, mənəvi aləmini yaradıcılığının qayəsinə çevirən, filmlərində təhlil edən istedadlı rejissor 1966-cı ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutundan məzun olduqdan sonra böyük yaradıcılıq eşqi ilə doğma Bakıya üz tutur, istedadını Azərbaycan kinosuna həsr edir. Ömrünün 50 ildən çoxunu çətin, məsuliyyətli peşəyə sərf edən kinorejissor ilk qısametrajlı (“Biri vardı, biri yoxdu”) filmi ilə həmkarlarının və kinosevərlərin diqqətini çəkir. “Azərbaycanfilm” kinostudiyasında 20-yə yaxın bədii (“Bir cənub şəhərində”, “Vacib müsahibə”, “Var olun, qızlar...”, “Səmt küləyi”, “Ürək...ürək...”, “Sevinc buxtası”, “Babək”, “Nizami”, “Gümüşgöl əfsanəsi”, “Burulğan”, “Nə gözəldir bu dünya”, “Girov”, “İstanbul reysi” və s.), bir tammetrajlı musiqili (“Abşeron ritmləri”), bir neçə sənədli filmə quruluş verən rejissor, həmçinin bir neçə bədii və sənədli filmin ssenari müəllifidir.
Teatrdan fərqli olaraq (zaman və çoxplanlı məkan baxımından) kino rejissora üslub zənginliyini nümayiş etdirməsi üçün geniş imkanlar verir. Eldar Quliyev də bu imkanlardan bacarıqla istifadə edib. Müxtəlif janrlı (lirik-psixoloji, tarixi-bioqrafik və s.) ekran əsərləri ilə Azərbaycan mikroaləmini, adət-ənənələrini, müxtəlif dövr insanlarının sosial, psixoloji durumunu məzmunlu filmləri vasitəsilə tamaşaçılara çatdırıb. Yuxarıda adları çəkilən filmlərdən də göründüyü kimi rejissoru əsasən insan mənəviyyatı, daxili aləmi, yaşadığı mühitə müdaxiləsi, yanaşma tərzi narahat edib.
Eldar müəllimin kino fəaliyyətini (filmlərin uğuru və aktyorların məşhurlaşması baxımından) yaradıcı kollektiv (çəkiliş qrupu) üçün məktəb hesab etmək olar. Ekran kompozisiyasının bütövlüyünü təmin edən, filmin epizodlarının mahiyyətini, ideyasını, məqsədini aktyora dəqiq çatdıran rejissorun bununla kinonu həyatiləşdirdiyini, tamaşaçını hər hansı bir dövrün müasirinə çevirdiyini görürük.
Əməkdar artist Elşən Rüstəmov kino yaradıcılığında sənətkarın xüsusi rolu olduğunu qeyd edərək vurğulayır ki, Eldar Quliyev realist rejissordur: “Aktyordan həmişə yaratdığı rolu fərqli boyalarla zənginləşdirməyi, təbiiliklə yanaşı inandırıcı təqdim etməyi tələb edir. Filmin qəhrəmanları da doğru təlimata əsasən hadisələri kamera qarşısında bilavasitə yaşayır.
Onu da qeyd edim ki, Eldar müəllim vətənini sevən, adət-ənənələrimizə, tariximizə hörmət edən rejissordur. Mən onun quruluş verdiyi “Nə gözəldir bu dünya” və “İstanbul reysi” filmlərində çəkilmişəm. Bundan əvvəl “Debüt” studiyasında tələbələrinin işində də məni çəkilişlərə cəlb edib. Hətta çəkdiyi bir neçə filmi də səsləndirmişəm, amma tammetrajlı filmdə birgə çalışmamışdıq.
Aktyor rejissora mütləq inanmalıdır. İnananda iş birliyi yaxşı alınır. Mən ona həmişə inanmışam. Onunla işləmək çox maraqlıdır. Böyük intellekt sahibi, savadlı kino bilicisidir. Çəkiliş vaxtı çox ciddi olurdu. Nəsə düz getməyəndə, texniki problem olanda əsəbiləşirdi, amma aktyorlarla çox incə işləyirdi. Ona sual verəndə cavabı müxtəlif planlı olurdu. Obrazımı çox böyük səbirlə, incəliklə izah edir, artıq fikir söyləmir, mizanı dəqiq verir, nə istədiyini yaxşı bilirdi.
“İstanbul reysi” filmində baş rola rus aktyor çəkilməli idi. Həmin aktyorla problem yarandığına görə Murad roluna məni dəvət etdilər. Çəkiliş meydançasına getdim, kənarda oturub çəkilişi izləməyə başladım. Ona xəbər verdilər ki, dəvət etdiyiniz aktyor gəlib. Məni bir qədər süzdü (yəqin ki, məni öyrənmək istəyirdi) sonra yenə çəkilişlə məşğul oldu. Çox keçmədi ki, rola təsdiqləndiyimi öyrəndim. Yaxınlaşdım ki, onunla rolum haqqında söhbət edim, arxayınlıqla mənə, tələsmə, narahat olma, hər şey yaxşı olacaq dedi. Sonra isə rolu incəliyinə qədər izah etdi.
Filmdə Murad (baş qəhrəman) şəxsi maşını ilə taksi sürücüsü kimi çalışır. Mövzuya uyğun olaraq hər gün “VAZ 2107” markalı maşının sürücüsü ilə təlim (etiraf edim ki, həmin illərdə maşını yaxşı idarə edə bilmirdim) keçirdim. Bir neçə təlimdən sonra anladım ki, gərək maşın daim məndə olsun ki, onu yaxşı idarə etməyi öyrənim. Maşını sahibindən istəməyim isə düzgün deyildi. Buna görə də çəkinə-çəkinə Eldar müəllimə bildirdim ki, bəlkə mənə qonorarımın bir hissəsini versinlər, mən ucuz bir maşın alım, beləliklə də idarəetməni öyrənim. Çəkilişlər yeni başladığına görə açığı gözləmirdim ki, Eldar müəllim təklifimlə razılaşsın. Amma o, bir söz demədən təklifi qəbul etdi. Qonorarımın bir hissəsini mənə verdilər. Həmin vaxtı “VAZ 21011” markalı (işlənmiş) maşın aldım, onunla da məşq etməyə başladım. Beləliklə, həm özüm maşın sürməyi öyrəndim, həm də çəkiliş qrupunu mümkün çətinlikdən qurtardım”.
XX əsrin əvvəllərində Azərbaycan səhnəsində çalışan istedadlı aktyor, rejissor Mirseyfəddin Kirmanşahlı aktyorlara tövsiyəsində “tamaşaçı ilə hesablaşın, onu aldatmaq çox çətindir, aktyor tərəfindən buraxılan kiçik bir səhvi onun gözündən yayındırmaq olmaz” deyirdi. Doğrudan da, tamaşaçı diqqəti yayınanda bədiiliklə yanaşı inandırıcılıq da yox olur. Bu mənada Eldar Quliyevin filmlərindəki hadisə bolluğu, traktovka dəqiqliyi tamaşaçının ekran qarşısında məmnuniyyətlə oturmasına, obrazların müasirinə çevrilməsinə imkan verir. Ekran personajlarının dialoqlarından, baxışlarından, ifadə tərzindən tərəf-müqabilinə stimul ötürməsi, rolun mizanının doğruluğu ekran kompozisiyasının tamlığına, inandırıcı olmasına zəmin yaradır.
“Mən “Babək” filminə də, “Nizami” filminə də öz minnətdarlığımı ona görə bildirirəm ki, bu filmlərin sayəsində xalqımızın tarixini daha dərindən öyrənə bildim” deyən rejissorun müsahibələrində söylədiyi fikirlər yaradıcılıq məqsədini aydın xarakterizə edir.
Bakıda dənizdən (buxtada) ilk neftin çıxarılması prosesini, eləcə də XX əsrin əvvəllərində baş verən ictimai-siyasi hadisələr fonunda insan mənəviyyatını da təhlil edən “Sevinc buxtası” filmi (yaradıcı heyətin beş üzvü respublika Dövlət mükafatına layiq görülüb) haqqında isə rejissor, “Sevinc buxtası” insanlara, müxtəlif təbəqədən olan insan talelərinə böyük hörmət və məhəbbət nümunəsidir” deyir.
Göründüyü kimi, rejissoru bütün dövrlərin hadisələri, insan taleləri, həyatın inkişafına olan müdaxilə və münasibətləri düşündürüb. Buna görə də böyük həcmli, çox aktyorlu, geniş planlı filmlərin müəllifini həmçinin (sosial mövzulu ekran əsərlərinə istinadən) hisslər rejissoru da adlandırmaq olar. Onu narahat edən prinsip və məsələlər (cəmiyyətin sosial durumu, insanların intellekt səviyyəsi, ictimai davranışı, məqsədi, məramı və s.) “Vacib müsahibə”, “Burulğan”, “Var olun, qızlar...”, “Ürək... ürək...” kimi filmlərdə əksini tapıb.
Müsahibələrində “Federiko Fellininin filmlərinə vurulmuşdum. İstəyirdim ki, çəkdiyim filmlərin hər hansı bir epizodu onun filmlərinin epizoduna bənzəsin” deyən rejissor, məşhur “Bir cənub şəhərində” filmi ilə iddialı yaradıcılığını isbatladı, məntiqli əsaslarla da davam etdirdi. Bir il rəfdə qalan film haqqında “bilirdim ki, film nə vaxtsa nümayiş olunacaq” deyən sənətkar sonrakı filmlərini də daxili intuisiyasına, məntiqinə əsasən əminliklə kinosevərlərə töhfə etdi. Bir çox filmlərin bədii, ideya, tələbələrinin diplom rəhbəri olan, çalışmaqdan yorulmayan Eldar müəllimin yaradıcılıq qaynağını sənət sevgisi və peşə bilgisi ilə əlaqələndirmək olar.
Əməkdar artist Şövqi Hüseynov Eldar Quliyevin müasiri olduğu üçün özünü xoşbəxt sandığını, şəxsiyyətinə böyük hörmət etdiyini bildirərək onu canlı korifey adlandırır: “O, teatra tez-tez gəlir, tamaşalara baxır, aktyorlara tövsiyələrini verirdi. Mən çəkinmədən, sərbəst şəkildə ona yaxınlaşır, suallar verir, o da ətraflı şəkildə suallarımı cavablandırırdı. Uzun müddət ona, sənətinə pərəstiş etmişəm, filmlərində çəkilməyi arzulamışam.
İlk dəfə onunla “Girov” filminə sınaq çəkilişinə (baş rola) dəvət alanda görüşdüm. Təəssüflər olsun ki, təsdiqlənmədim. İkinci dəfə “Dərvişin qeydləri” filmində karvansaraçı roluna dəvət aldım və təsdiqləndim. Filmdə çəkiləndə onun, doğrudan da, bir məktəb olduğunu gördüm. Çəkiliş meydançasında gözlədiyimdən də yüksək səviyyədə atmosfer yaratmışdı. Onunla iş prosesini özüm üçün ustad dərsi hesab edirdim. Öz bilgisini heç vaxt məcburən yeritmir, aktyorlarla olduqca həssaslıqla işləyir. Ən üstün və gözəl cəhəti odur ki, aktyora etibar edir. Aktyor da çəkiliş zamanı işin bütün məsuliyyətini dərk edir və öz üzərinə götürür. Təsəvvür edin ki, kamera arxasında rejissor əyləşib sənə baxır, üzündən sənə olan etibarını görürsən və o etibarın hesabına da oynadığın rol uğurlu alınır. Mən özümü çox xoşbəxt aktyor hesab edirəm ki, belə böyük sənətkarla kinoda işləmək şansım olub”.
Yaradıcılığında dünyagörüşünü, savad səviyyəsini, rejissorluq qabiliyyətini təsdiqləyən, filmlərindəki ibrətamiz mesajlarını anladıqda minnətdarlıq hissi ilə alqışlanan görkəmli kinorejissor Eldar Quliyevin quruluş verdiyi ekran əsərləri gənc kinematoqrafçılar üçün məktəb, kinoşünaslar üçün tədqiqat obyekti, kinosevərlər üçünsə həyatın inikasıdır. Düşündürməyi bacaran, qəlblərdə yer tutan sənətkarın əsl sənət uğuru da bada vermədiyi ömrü sənətdə, sənəti qəlblərdə yaşatmasıdır.
Şəhla ƏMİRLİ
kinoşünas