Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Vətən müharibəsinin iştirakçısı olmuş, ordu sıralarından yenicə qayıtmış balet artisti Murad Ağayevlə görüş keçirilib.

Görüş Qarabağın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Eyni zamanda döyüşlərdə qəhrəmancasına şəhid olmuş teatrın işıqçısı Əliağa Məmmədovun xatirəsi anılıb.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi  Əliqismət Lalayev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun qazandığı tarixi qələbədən söz açıb. Direktor Füzulidən Şuşayadək döyüş yolu keçmiş Murad Ağayevə mükafat təqdim edərək təşəkkürünü bildirib, uğurlar arzu edib.

Xalq artisti Fatma Mahmudova kollektiv adından Muradı təbrik edib, teatrın gələcək repertuarlarında məhz belə vətənpərvər gənclərin timsalında Qalib əsgər obrazlarının yaradılmasını arzulayıb.

Murad Əliyev ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib: "Mən bir vətəndaş kimi, xüsusilə də Akademik Musiqili Teatr ailəsinin bir üzvü kimi döyüşlərdə iştirakıma görə qürur duyuram. Çünki hər addımda qəlbi vətən eşqi ilə çırpınan, ön cəbhədəki əsgərlərimizə dəstək olan kollektivimizin varlığını hiss etdim. Bütün kollektiv hər zaman ailəmin yanında oldu. Bilirdim ki, ümumən xalqımız hər zaman biz əsgərlərlədir. Böyük Qələbənin şüarı olan “Biz birlikdə güclüyük!” əbəs yerə işlənməyib. Biz bu haqq savaşımızda, müqəddəs amalımız uğrunda dəmir yumruğa dönməyi, həmrəyliyimizi dünyaya nümayiş etdirməyi bacardıq... Bu yolda neçə-neçə qəhrəman oğullarımız sinələrini düşmən güllələrinə sipər etdilər. Onlardan biri də əməkdaşımız Əliağa Məmmədov idi. Onun şəhid olması xəbəri məni çox sarsıtsa da, igidliyi haqda eşitdiklərim təsəllim oldu, qürur duydum”.