Eldar Aslanov: "Vahid bələdçilik sisteminin qurulmasına çalışırıq"
Bu gün ölkəmizdə turizm perspektivli və yüksək gəlir gətirə bilən sahə hesab edilir. Dövlətin də turizmə yaxından diqqəti və qayğısı bu sahənin gələcək inkişafına zəmin yaradır. Hazırda bütün regionlarda turizm infrastrukturunun genişləndirilməsinə diqqət yetirilir. Bunlar onu deməyə əsas verir ki, Azərbaycan tezliklə regionda yeni bir turizm marşrutu kimi bütün dünyanın diqqət mərkəzində olacaq. Ancaq turizm sahəsində genişmiqyaslı işlərin görülməsi, yeni müasir standartlara uyğun turizm obyektlərinin tikilməsinə rəğmən bu sahədə çalışan kadrların peşəkarlığı aşağıdır.
Turizmi inkişaf etdirməyin şərtləri var
Azərbaycan Turizm İnstitutunun tədqiqat və inkişaf mərkəzinin müdiri Eldar Aslanovla söhbətimizdə problemin həll edilməsi yönündə görülən işlərlə bağlı danışdıq. O bildirdi ki, bu gün turizm sahəsində kadr hazırlığı vacib məsələlərdən biridir: "Azərbaycanın hazırda ümumi gələcək strategiyalarından biri də turizmi sahəsini inkişaf etdirməklə, ölkənin davamlı iqtisadi inkişafına nail olmaqdır. Turizmi inkişaf etdirməyin də vacib şərtləri var. Təbii ki, vacib şərtlərdən biri odur ki, ölkənin gözəl təbiəti, mətbəxi və qonaqpərvər insanları, eyni zamanda zəngin tarixi abidələri olmalıdır. Amma qeyd etdiyim bu komponentlərin olması turizm sahəsində görüləcək işlərin hələ yarısıdır. Bu sahənin inkişafı üçün daha bir vacib şərt isə ondan ibarətdir ki, bu gözəllikləri seyr etməyə gələn, asudə vaxtlarını səmərəli keçirmək istəyən yerli və xarici turistlərə xidmətləri yüksək səviyyədə təqdim etmək lazımdır".
Məlumdur ki, peşəkar kadrların azlığı və yüksək xidmət bu gün Azərbaycanın turizm yetkililərini düşündürən ən başlıca problemlərdəndir. Həmsöhbətimiz deyir ki, bu problemdən irəli gələrək dövlət 2006-cı ildə Azərbaycan Turizm İnstitutunu yaratdı. Hazırda bu instituta qəbul olan tələbələr IV kursda oxuyur: «ATİ-də turizmin müxtəlif sahələrini (idman, hotel, idarəçilik, konqres, sağlamlıq və s.) əhatə edən 9 ixtisas üzrə 1100 tələbə təhsil alır. Bizim institutda, eləcə də başqa ali təhsil ocaqlarında turizm ixtisası üzrə hazırlanan kadrlarla adıçəkilən sahədəki peşəkar kadr boşluğunu dolduracağıq".
Onun sözlərinə görə, apardıqları tədqiqatların nəticəsi də təsdiqləyir ki, Azərbaycanın regionlarında və Bakıda peşəkar kadr problemi var: "Düzdür, bu hal regionlara nisbətən Bakıda o qədər də hiss olunmur. Araşdırmalarımızdan bu nəticəyə gəldik ki, nəinki ictimai iaşədə, hətta ulduzu olan hotellərdə belə işləyən kadrların o ulduzun tələblərinə uyğun bilik və bacarıqları yoxdur. Problemin həlli üçün artıq bir neçə addım atmışıq. Bu məqsədlə bakalavr proqramı ilə paralel olaraq institutda artıq ikinci ali təhsilə başlanılıb. Bilirsiniz ki, indi turizm sektorunda fəaliyyət göstərən, ancaq ixtisasca başqa sahə üzrə təhsil alan turizm mütəxəssisləri çoxdur. İnstitutumuzda belə insanlar üçün ikinci ali təhsil kursları açılıb. Çoxlu sayda qısa müddətli proqramlarımız var. Xüsusilə bu kurslar turizm xidmətinin «arxa cəbhəsində» işləyən - aşpazlar, restoran işçiləri, xidmətçilər, otaq və digər xidmət işçiləri üçün nəzərdə tutulub. Təəssüf ki, bu sahədə çox geniş tədbirlər keçirə bilmirik. Bunun da səbəbi odur ki, bu tipli kursları keçirmək üçün istehsalat sahəmiz yoxdur".
Eldar müəllim kadr hazırlığı məqsədilə həyata keçirdikləri layihələrdən də danışdı. Onun dedyinə görə, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə müvafiq qərar qəbul olunub və işçi qrupu yaradılıb: “Ölkəmizdə vahid bələdçilik sisteminin qurulmasına nail olmağa çalışırıq. Çünki bələdçi turizm xidmətində vacib elementlərdən biridir. Turistlərin qəbulu, obyektlərə aparılması, onlara lazımi biliklərin verilməsi nəinki turizm sahəsində yüksək xidmətdən xəbər verir, həmçinin də ölkənin maraqlarına, tarixinin və müasir inkişafının düzgün təqdim olunması üçün çox vacibdir. Azərbaycanda bir çox hallarda xarici turistlərə dili bilməyən, ölkənin coğrafiyasını, tarixini, müasir inkişaf vəziyyətinə obyektiv münasibət bəsləməyənlər bələdçilik edirlər. Bu hal da gələn turistlərdə ziddiyyətli fikirlər formalaşdırır. Ona görə də bu addımlardan biri kimi, biz yaxın gələcəkdə çox ciddi imtahanla bələdçilərin hazırlığı üçün kurslara başlamağı planlaşdırırıq. Nəinki ümumi bələdçilərin, həmçinin ayrı-ayrı qoruqlara, milli parklara, regionlara, şəhərlərə marşrutlar üzrə bələdçi hazırlığı nəzərdə tutulur. Məsələn, İçərişəhər üçün bir neçə nəfər bələdçi qrupunun hazırlanmasına razılıq əldə edilib. Şəki, Gəncə, Göygöl və s. regionlar üzrə də bələdçilər hazırlanacaq".
Qərb regionunun turizm imkanları yetərincə tədqiq edilməyib
Mütəxəssisin dediyinə görə, problemin həllinə nail olmaq məqsədilə atılan addımlardan ikincisi xidmət sahələri üçün kadrların hazırlığıdır. Bununla bağlı Lənkəranda Almaniyanın bir təşkilatı ilə proqram həyata keçirdiklərini deyən E.Aslanov bildirir ki, adıçəkilən rayonda fəaliyyət göstərən restoranların və digər ictimai iaşə obyektlərinin əməkdaşları üçün müştəri məmnuniyyəti və müştərilərə xidmətin əsasları mövzusunda 60 saat həcmində təlimlər həyata keçirilib: «Bu istiqamətdə növbəti addımımız qərb regionunun turizm potensialının tədqiqi məqsədilə həyata keçirdiyimiz layihə olub. Bilirsiniz ki, qərb regionunun turizm imkanları yetərincə tədqiq olunmayıb. Xüsusilə Göygöl, Gədəbəy, Daşkəsən,Tovuz, Ağstafa, Qazax rayonlarının təbiətinin rəngarəng xüsusiyyətləri var. Burada Qafqaz Albaniyasının məbədləri və İslam mədəniyyətinin nümunələri, dövlətçilik tariximizə aid olan çoxlu inzibati binalar var. Təəssüf ki, bunlar yetərincə tədqiq olunmayıb. Gözdən uzaq olan abidələr siyahıya salınmayıb. Apardığımız tədqiqatlar nəticəsində çoxlu yeni abidələr qeydə aldıq. Yayda Göygöl, Şəki, Nabran, Lənkəran bölgələrinə çoxlu sayda insanlar istirahət etməyə gedir və evlərdə qalırlar. Biz bu ev turizm üzrə də tədqiqatlar apardıq və maraqlı nəticələr üzə çıxdı. Göygöldə qədim alman evləri çoxdur və bu da bölgəyə çoxlu sayda turistlərin gəlməsinə səbəb olur. Amma bu gün həmin evlər kənd yaşıl turizminə görə dizayn edilmir. Hər kəs müasirliyə qaçır və evlərini avrostildə təmir edir ki, bu da turistləri cəlb etmir".
E.Aslanovun dedyinə görə, digər məsələ kulinariyamızın qonaqlara düzgün təqdim edilməməsi ilə bağlıdır. Belə ki, xaricdən gələn turistlər kabab və daha ağır kalorili yeməkləri yemək istəmirlər: "Bizim milli mətbəximizin vegeterian tipli çoxlu sayda yeməkləri var. Dağ rayonlarında bunları etmək üçün geniş imkanlar mövcuddur. Az pulla daha yaxşı menyu tərtib edilə bilər. Bu sahədə məlumatsızlıq və unutqanlıq turistlərə lazım olan və bizim arzu etdiyimiz xidmətləri göstərmək üçün imkan vermir. Peşə hazırlığında bu məsələyə də toxunmağı nəzərdə tuturuq".
Bölgələrdə turizm kolleclərinin yaradılması vacibdir
Eldar müəllimin dediyinə görə, kadr hazırlığı ilə bağlı fəaliyyətlərinin digər istiqaməti Mədəniyyət və Turizm Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə layihəsi çərçivəsində ölkəmizdə qurulmuş turizm informasiya mərkəzlərinin əməkdaşlarına treninqlər keçirməkdir: "Ötən il Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə ATİ-nin iki əməkdaşı Şəki Turizm İnformasiya Mərkəzində treninqlər keçdi. Bu treninqlərdə ölkəmizdə fəaliyyət göstərən turizm informasiya mərkəzlərində çalışan əməkdaşlar iştirak ediblər. Bir ay əvvəl Nabranda da belə təlimlər keçirib. Üç gün davam edən kurslarda kənd yaşıl turizmi, turistlərə informasiya xidmətinin göstərilməsinin müxtəlif texnikaları və müştərilərlə daha yaxşı ünsiyyətin qurulması bacarıqları barədə təlimlər keçdik".
“Regionlarda turizm sahəsində kadr hazırlayan təhsil ocağı varmı" sualını Eldar müəllim belə cavablandırdı: "Bildiyimə görə, hazırda Qəbələdə Turizm Peşə Təhsili Kolleci fəaliyyət göstərir. Çox gözəl binası olmasına baxmayarq, orda bu işi təşkil edəcək kadrlar azdır. Bu bölgənin də yüksək potensialı var. Bu tipli digər bir kollec isə hələ sovet dövründən Mingəçevir şəhərində fəaliyyət göstərir. Mingəçevir Bədən Tərbiyəsi və Turizm Kolleci kadrların hazırlanması istiqamətində müəyyən addımlar atıb. Kollecin rəhbərliyi xarici bir partnyorla birgə kadr hazırlığı istiqamətində layihə həyata keçirməyi düşünür. Gəncə Dövlət Universitetində də bakalavr səviyyəsində turizm sahəsi üzrə kadr hazırlanır. Bu gün bölgələrdə turizm kolleclərinin yaradılması vacibdir".
Fəxriyyə ABDULLAYEVA