Noyabrın 9-da Londonda “World Travel Market” ənənəvi beynəlxalq turizm sərgisinin rəsmi açılış mərasimi keçirilib. Dörd gün davam edən beynəlxalq sərgiyə dünyanın müxtəlif ölkələrindən turizm şirkətləri, səyahət agentlikləri və hökumət orqanlarının təmsilçiləri qatılıblar. Sərgi çərçivəsində çoxsaylı seminar, konfrans və digər müxtəlif tədbirlərin təşkili planlaşdırılır.
   
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən aldığımız məlumata görə, tədbirdə ölkəmizi hər il olduğu kimi, bu il də Mədəniyyət və Turizm Nazirliyi təmsil edib. Yüksək səviyyədə təşkil olunmuş turizm pavilyonunda nazirliyin nümayəndə heyəti, həmçinin Azərbaycan Dövlət Rəqs Ansamblının, «İmprotex Travel», «AL Travel», «GEO Travel», «ENC Tour» turizm şirkətlərinin, Bakı Turizm İnformasiya Mərkəzinin nümayəndələri iştirak ediblər.
   Sərgidə Azərbaycana həsr olunmuş ayrıca stendin açılış mərasimi keçirilib. Ölkəmizlə bağlı stend ilk gündən sərgi iştirakçılarının xüsusi maraq və diqqəti cəlb edib.
   Açılış mərasimində dövlət rəqs ansamblının ifasında milli rəqs nümunələri ifa olunub. Sərgidə ölkəmizin turizm potensialının nümayiş etdirilməsi və mövcud imkanların tanıdılması məqsədilə çoxlu sayda reklam-çap məhsulları yayılıb.
   
   Fəxriyyə ABDULLAYEVA