Bütün dillərdə elə sözlər, xüsusən də ifadələr var ki, onlar həmin dilin daşıyıcılarının önəm verdiyi çox mətləbi qısaca açıqlayır. Məsələn, bizdə doğum günü ifadəsi yoxdur, ad günü söz birləşməsi var. Hətta yaxın-uzaq əcnəbi dillərdəki doğum günü ifadəsini ad günü olaraq dilimizə çeviririk. Çünki bizdən ötrü ad qazanmaq cismani doğulmaqdan daha önəmlidir. Eynilə Dədə Qorqudun dövründəkitək. Ad qazanmaq, adın qazanıldığı gün anlamı genetik yaddaşımıza necə hopubsa, doğum günümüzə də fərqinə varmadan ad günü deyirik.
Müsahibəmizin qəhrəmanının da bu gün ad, yəni doğum günüdür. Özü də sənət yolunda “Ad günü” ilə tanınmış bir sənətkarın. Müsahibimiz 77 yaşın dizini yerə vuran Xalq artisti, Dövlət mükafatı laureatı, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini Hacı İsmayılovdur. 77 rəqəminin mistikasını nəzərə alıb müsahibimizə nə az, nə çox, 7 sual verib 7 cavab aldıq...
– Hacı müəllim, maşallah olsun, gəlib çatdınız 77 yaşa. 77 rəsmi yubiley yaşı sayılmır. Amma psixoloji baxımdan, adına numerologiya deyilən təlimin içindən nəzər salanda çox maraqlı bir yaş dönəmidir. Üstəlik, bizim 7 rəqəminin mistikasına inamımızı da nəzərə alsaq… Bu qoşa yeddidə özünüzü necə hiss edirsiniz?
– Çox sağ olun ki, ad günümü unutmayıb məni təbrik edirsiniz. Adətən insan hər doğum günü gələndə ötən günlərə nəzər salır, olub-keçənləri xatırlayır. Mən də bu gün çox şad və rahatam ki, 77 yaşıma qədər olan ömrümü hədər yaşamamışam. Rəqəm olaraq 7 rəqəmini çox sevirəm. Qismətə bax ki, mənzilimin nömrəsi də 7-dir. Yubileyə qalınca, 60 yaşım olanda doğmalarımı, dostlarımı, mənə əziz olan insanları başıma yığıb özümə təntənəli yubiley keçirdim, məclis qurdum. Fikirləşdim ki, ta bundan sonra nə yubiley, nə təntənə, nə hədiyyə? Amma iki il öncə, 75 yaşım tamam olanda teatrda yubileyimi səhnədə qeyd etdim. Yubiley münasibətilə tədbir yox, tamaşada çıxış etmək mənim arzum idi. Teatrın rəhbərliyi, Azər Paşa müəllim sağ olsun ki, istəyimi nəzərə aldılar və həmin gün, yanvarın 22-də Miro Qavranın “Qəribə, çox qəribə əhvalat” pyesi əsasında hazırlanmış tamaşada səhnəyə çıxdım. Mədəniyyət Nazirliyinin nümayəndələri, teatrdakı həmkarlarım tamaşadan sonra məni təbrik etdilər, nazirliyin fəxri fərmanı təqdim olundu, hədiyyələr, az qala bir maşın gül-çiçək verdilər. Yaradana min şükür edirəm ki, mənə uzun ömür sürmək möhləti verib. Özümə gəlincə isə, şadam ki, mənalı ömür yaşaya bildim.
– Artıq deyə bilərik ki, bir il yaradıcı insanlar, xüsusən də kollektiv sənət olan teatr, kino insanları üçün “zorən bekarlıq”la keçdi. Düzdür, bir çoxları özündə yeni bacarıq və hətta istedad da kəşf etdi, bəziləri illərlə təxirə saldığı işlərlə başını qatdı. Evəqapanma günlərini siz necə keçirirsiniz?
– Dünyanı bürüyən bu fəlakət ötən ilin mart ayından teatr aləmində canlı həyatı söndürdü. Təsəvvür edin, həvəslə, geniş proqramla 10 mart – Milli Teatr Gününü qeyd etməyimizə iki-üç gün qalmış hər şey… təxirə salındı. İşləməyə alışmış, qaynar yaradıcı mühitə öyrəşmiş adam üçün evdə qalmaq həm çətindir, həm də zərərlidir. Şəxsən mən hiss edirəm ki, səsimdə, tənəffüsümdə müəyyən problemlər yaranıb. Hər gün məşq edən, hər həftə səhnəyə çıxan aktyor üçün belə uzunmüddətli boşluq formadan düşmək deməkdir. Ümid edirəm ki, tezliklə bu bəladan da qurtulacağıq. Bu qədər ağrılı, yeknəsəq günlərin içində bir təskinliyim oldu ki, “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Olimpiya” filmində çəkildim. Çəkilişlər Bakıda, bir də Zaqatalada aparıldı.
– Adətən, deyirlər ki, sənətdə uğur qazanmaq üçün istedad, zəhmətsevərlik azdır. Gərək adamda həm də özünü irəli vermək, qabiliyyətini istedad kimi qələmə vermək bacarığı da olsun. Lakin sizin nümunəniz aşkar göstərir ki, istedadla yanaşı sevgi, dözüm və zəhmətsevərlik bəs edir ki, sənətdə böyük uğurlara yetəsən...
– Bilirsiniz, hər hansı sənətdə uğur qazanmaqdan ötrü ilk növbədə gərək o sənəti sevəsən. Romen Rollanın bir sözü var. Deyir ki, həyat hər gün ondan ötrü mübarizələrə atılanlara məxsusdur. Hər gün zəhmət çəkməlisən, çalışmaqdan yorulmamalısan. Əgər istedadın da varsa, deməli, sevgi və zəhmətsevərliklə uğur qazanacaqsan. Uzun illərdir ki, sənətdəyəm. İrəvan teatrında, Sumqayıt teatrında işləmişəm, sonradan Milli Dram Teatrında çalışmağa başlamışam. İstədiyim, mənim oynamalı olduğum rolların sonradan məndən alındığı hallar da olub. Amma mən dözmüşəm, mənə verilən ən kiçik rolu da elə oynamağa çalışmışam ki, yadda qalsın. Sənət dostlarım da bəzən mənim səbirli olmağıma heyrətlənərdilər. Həqiqətən də mən çox istəyimə səbir edərək nail olmuşam.
– Azərbaycan aktyor Hacı İsmayılovu ona xalq sevgisi qazandıran Mustafa müəllimlə eyniləşdirir. Amma siz ondan əvvəl də, sonra da həm kinoda, həm teatrda, həm də televiziya tamaşalarında maraqlı obrazlar yaratmısınız. Həmin personajlardan hansı sizə daha çox yaxındır?
– “Ad günü” filminin, coğrafiya müəllimi Mustafanın mənim sənət həyatımdakı rolu danılmazdır. Teatr aktyoru olsam da, mənə populyarlığı “Ad günü” filmi qazandırdı. Oxşarlığa gəlincə… Mən hələ ssenarini oxuyanda Mustafanın ruhu mənim ruhuma çökdü. Ssenarini oxuyan gündən Mustafaya çevrildim. Hərdən deyirəm ki, mən cismən Hacıyam, ruhən Mustafa. Mustafa mənə çox yaxındır. O, mənim həyata ikinci gəlişim kimi mənə əzizdir.
– Aktyor Hacı İsmayılov nə vaxt özünü xoşbəxt hiss edir?
– İnsan hansısa işi görəndə, nəyəsə nail olanda özünü xoşbəxt hiss edir. Aktyor tamaşada uğurlu çıxış edəndə, tamaşadan sonra ona ünvanlanan ayaqüstü alqışları eşidəndə xoşbəxt olur. 1980-ci ildə “Ad günü” filmi Dövlət mükafatına layiq görüləndə, M.Maqomayev adına Filarmoniyada həmin mükafatı ulu öndər Heydər Əliyevin əlindən alanda özümü aktyor kimi ilk dəfə ən xoşbəxt hiss etdim. O xoşbəxt günün təəssüratını indiyədək yaşayıram. İkinci dəfə isə 75 yaşım tamam olanda ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunanda özümü sənətkar kimi çox xoşbəxt hiss etmişdim. Yox, elə bilməyin, sənətlə bağlı başqa xoşbəxt anlar yaşamamışam, şükürlər ki, sevincli saatlarım günlərim olub, amma ən xoşbəxt olduğum anlar dediklərimdir.
– Bizim tanıdığımız Xalq artisti Hacı İsmayılov bizdən ötrü təvazökar sənətkardır, ziyalıdır. Milyonların tanımadığı həyat yoldaşı, ata, baba Hacı kişi də var axı… O nə vaxt özünü xoşbəxt hiss edir?
– Aktyorlar haqqında deyilən fikirlərdən biri mənim çox xoşuma gəlir: özgələrinin həyatını özününkü, öz həyatını özgənin həyatı kimi yaşayan sənət sahibi. Aktyor öz həyatının çox hissəsini sənətinə bəxş edir və özü kimi olmur. Mənim üçün sənətim də, ailəm də eyni dərəcədə vacibdir, əzizdir. Evimdə mən aktyor yox, ər, ata, babayam. Təbii ki, bu yaşımda mənə daha çox sevinc gətirən, xoşbəxt edən nəvələrimdir. Hiss edirəm ki, onlar üçün də mənimlə ünsiyyət xoşdur.
Siz Hacı kişi dediniz, bu ifadə xoşuma gəldi və məni uşaqlığıma qaytardı. Uşaq vaxtı yaşıdlarımın müasir adlarını eşidəndə sıxılırdım, valideynlərimdən inciyirdim ki, niyə mənə Hacı adını qoyublar. Amma yaşa dolandan sonra valideynlərimə həm də ona görə rəhmət oxuyuram ki, nə yaxşı, mənə bu adı qoyublar. Çünki ad insanın həyatında böyük rol oynayır, onu istiqamətləndirir, ona yol göstərir. İstər-istəməz o ada layiq olmağa çalışırsan.
– Azərbaycan Respublikasının vətəndaşı Hacı İsmayılov nə zaman özünü xoşbəxt sanır?
– Türklərin bir ifadəsi var, xoşum gəlir ondan: Öncə Vətən! Doğrudan da, insan Vətənsiz heç kimdir. Ailə öz yerində, insanın Vətəni, sevdiyi ərazi, torpaq, şəhər, dağ olmalıdır. Bütün bunlar Allahın öz bəndəsinə verdiyi sərvətdir ki, gərək onların qədrini biləsən. Vətəndaşlıq anlayışının mənim üçün düsturu belədir: ilk növbədə vətənini sevməli, ikincisi – dövlətə qulluq etməli, üçüncüsü – xalqına, millətinə xidmət etməlisən. Bu şərti bilib, onlara əməl edən adam rahatlıqla deyə bilər ki, mən ölkəmin vətəndaşıyam.
Bu gün bütün Azərbaycan vətəndaşları, ulu öndərin bir zaman dediyi kimi, azərbaycanlı olmaqları, Azərbaycan vətəndaşı olmaları ilə fəxr edirlər. Ötən il Qarabağ savaşına, otuzillik yurd həsrətimizə son qoyulması bizim hamımızı başıuca etdi. 44 günlük müharibədən sonra otuz il boyu xarabalığa çevrilmiş ən gözəl mənzərəli torpaqlarımızı dirçəltmək planı, istəyi adama ruh verir, yaşamaq, yaratmaq həvəsini artırır. Çox keçməyəcək, biz həmin əraziləri dünyaya göstərib deyəcəyik ki, cənnət görmək istəyən Azərbaycana gəlsin. Bax, həmin anlarda da mən elə sizin kimi, hamı kimi vətəndaş xoşbəxtliyini hiss edəcəyəm!
Gülcahan MİRMƏMMƏD