Dünya turistləri üçün məlumat platforması

Azərbaycan Turizm Bürosu tərəfindən “WhereisKarabakh.com” (“Qarabağ harada yerləşir?”) veb-saytı istifadəyə verilib.

Dövlət Turizm Agentliyindən bildirilib ki, platformanın yaradılmasında məqsəd dünyaya Qarabağın coğrafi olaraq harada yerləşdiyini göstərmək, həmçinin Qarabağ regionunun tarixini, mədəniyyətini, eləcə də gəzməli-görməli yerlərini düzgün formada çatdırmaqdır.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmit layihə ilə bağlı deyib: “Qarabağ regionunun əlverişli iqlimi və relyefi burada müxtəlif növ turizm məhsullarının inkişafına imkan yaradır. Bundan əvvəl isə bu möhtəşəm regionun zəngin tarixi, mədəni abidələri və təbiəti haqqında məlumatları bütün dünyaya çatdırmaq mühüm əhəmiyyət kəsb edir. “WhereisKarabakh.com” saytının yaradılması da məhz bu missiyanı daşıyır”.

İstifadəçilər sadə interfeysi olan sayta daxil olduqdan sonra dünya xəritəsindən istənilən ölkəni seçərək oradan Qarabağa olan məsafəni görə, eləcə də “Qarabağ” toponiminin mənşəyi, regionun tarixi, təbiəti, abidələri, görkəmli şəxsləri, muğam və xalçaçılıq sənəti, məşhur Qarabağ atları haqqında məlumatlar əldə edə bilərlər.

Həmçinin saytda ziyarətçilərə daha ətraflı məlumatlar almaları üçün isə “Azerbaijan.travel” platformasının Qarabağla bağlı tərtib olunmuş səhifəsinə keçid etmək təklif olunur.