Respublika Gənclər Kitabxanasının təşkilatçılığı ilə yanvarın 22-də “Siyasi arenada Azərbaycan gəncləri” başlığı altında onlayn söhbət- mühazirə keçirilib.

Tədbirdə kitabxananın əməkdaşları,  Azərbaycan Dövlət Pedaqoji Universitetinin,  Odlar Yurdu Universitetinin, Pedaqoji Kollecin tələbələri, Bakı şəhəri 4 saylı orta məktəbin şagirdləri iştirak ediblər.

Kitabxananın Xarici ədəbiyyat xidmət şöbəsinin müdiri Nübar Cəlilova giriş sözündə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasətindən bəhs edib. Bildirib ki, Azərbaycan gəncliyi ictimai həyatımızın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, müxtəlif tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.

Kitabxananın əməkdaşları Nərgiz Həsənova, Mehriban Vəliyeva, Sevil Quliyeva çıxış edərək sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik müasir gəncliyin dövlətimiz üçün nə qədər önəmli olmasından, gənclərin mədəni, siyasi, iqtisadi və s. sahələrdə uğurlarından söz açıblar. Bildirilib ki, gənclərin  vətənpərvər ruhda tərbiyə olunmasında kitab, mütaliə və kitabxananın müstəsna rolu var.

Sonra gənclərə özünü inkişaf sahəsində faydalı olacaq kitabların siyahısı onlayn mühazirə iştirakçılarının diqqətinə çatdırılıb.

Gənclər çıxış edərək fikirlərini bölüşüb, bu qəbildən tədbirlərin əhəmiyyətini vurğulayıblar.