Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşəbbüsü ilə işğaldan azad olunan bölgələrdə yenidən təşkil ediləcək kitabxanaların fondları üçün kitab toplama kampaniyası keçirilir. Kampaniya çərçivəsində təqdim edilən kitablar Milli Kitabxanada toplanır.

Milli Kitabxanada davam edən kampaniyaya yazıçı-publisist, tarixi romanlar müəllifi, Əməkdar mədəniyyət işçisi Yunus Oğuz da qoşulub. O, ilkin olaraq müəllifi olduğu kitablarından 300 nüsxəni – “Çingiz xan”, “Nadir şah”, “Əmir Teymur” və s. romanları işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna bağışlayıb.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov nəcib aksiyaya qoşulduğu üçün Yunus Oğuza təşəkkürünü bildirib, Azərbaycan ictimaiyyətini, ziyalıları, ədibləri, naşirləri bu kampaniyada aktiv yer almağa çağırıb.

Öz növbəsində Yunus Oğuz Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın təşəbbüsünü yüksək qiymətləndirdiyini qeyd edərək, həmkarlarını, eləcə də kitab mağazalarını, bütün kitabsevərləri bu kampaniyaya qoşulmağa çağırıb.