Gənc usta əl işini Şuşaya gedərək məscidə hədiyyə etməyi düşünür

Tovuz rayon sakini, dekorativ-tətbiqi sənət ustası Anar İsmayılov ağ, qırmızı və qara rəngli lobyalardan Şuşadakı Gövhər ağa məscidinin maketini hazırlayıb. Əl işində lobyadan başqa, qarğıdalı dənlərindən də istifadə edilib. Maketin dam örtüyü şam qozaları ilə işlənib. İçərisinə isə xalça hissələrindən bəzəklər vurulub.

Gənc usta AZƏRTAC-a müsahibəsində deyib: “Əvvəlcə Şuşa məscidini düzəltmişdim. İşğaldan azad edilən Cocuq Mərcanlı kəndinə aparıb hədiyyə etmişdim. Sanki Qələbənin ətrini duymuşduq. Noyabrın 1-də qərara gəldim ki, həm Xudafərin körpüsünü, həm də Şuşa məscidini düzəldim. Mən maketi hazır etməyə az qalmış, Şuşanın azad olunması xəbərini eşitdim”.

Anar İsmayılov indiyədək müxtəlif ölçüdə yüzlərlə suvenir hazırlayıb. Ən sevdiyi işi isə Şuşadakı Gövhər ağa məscidinin maketidir. O, bu əl işini Şuşaya gedərək könüllü kimi çalışdığı Tovuz Gənclər evi adından məscidə hədiyyə etməyi düşünür.

Anar hər əl işinə üç gündən bir ayadək vaxt sərf edir. Maketin böyüklüyündən asılı olaraq əl işində istifadə etmək üçün təxminən 2-5 kiloqram lobya lazım olur.

Tovuzlu gəncin indiyədək hazırladığı Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” maketləri bir çox sərgilərdə nümayiş olunub. 2018-ci ildə keçirdiyi sərgidə 120-dən çox əl işini nümayiş etdirib.

Usta gələcək planlarından da bəhs edib: “Hazırda Xudafərin körpüsünün maketi üzərində işləyirəm. Beş tağdan ibarətdir. Eyni dəst-xətlə, lobya dənələri ilə işlənilir. Qismət olarsa, pandemiyadan sonra beynəlxalq sərgilərdə də iştirak etmək istəyirəm”.

26 yaşlı usta Tovuz Gənclər evində bu işlə maraqlananlara sənətin sirlərini də öyrədir.