Ötən ay Azərbaycan Turizm İnstitutu bir neçə beynəlxalq layihənin iştirakçısı olub. Bu barədə qəzetimizə məlumat verən institutun rektoru Cəfər Cəfərovun dediyinə görə, noyabrın 23-24-də Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Beynəlxalq Universitetlər Assosiasiyası və İstanbul Universitetinin birlikdə təşkil etdiyi Avrasiya Rektorlar Toplantısında rəhbərlik etdiyi institutu təmsil edib: «Tədbirdə Azərbaycan Dövlət Neft Akademiyasının rektoru, akademik Səyavuş Qarayev və Qafqaz Universitetinin rektoru Ahmet Sanıç da iştirak edirdi. “Ali təhsildə akkreditasiya və keyfiyyət” mövzusuna həsr olunmuş toplantının yekun sənədində qərara alındı ki, Azərbaycan Turizm İnstitutu Beynəlxalq Universitetlər Assosiasiyasına üzvlüyə qəbul olunsun. Səfər çərçivəsində Türkiyənin “Mehtap TV” kanalına, ölkənin aparıcı qəzetlərinə müsahibələr verdim. Həmçinin Türkiyənin Qazi Universiteti, Fateh Universiteti və İstanbul Universitetində təşkil olunmuş görüşlərdə də iştirak etdim».
   C.Cəfərov bildirdi ki, ATİ-nin iştirakçısı olduğu ikinci böyük layihə noyabrın 26-27-də Sankt-Peterburq şəhərində keçirilmiş “Turizm və hotelçilik üzrə ixtisaslaşmış universitetlərin və işəgötürənlərin qarşılıqlı fəaliyyət strategiyası üzrə Beynəlxalq Forum” olub. MDB ölkələrindən xidmət və hotelçilik üzrə yeganə iştirakçı olan ATİ beynəlxalq forumun təşkilatçıları tərəfindən yaradılan Xidmət üzrə İxtisaslaşmış Universitetlərin Milli Elmi-Təqdiqat Texnoloji Konsorsiumuna yekdilliklə üzv seçilib. ATİ 2009-cu ildə daha iki qurumun - Xəzər Dənizi Assosiasiyası və AUDEM (Demokratiya üçün Universitetlər Assosiasiyası) təşkilatlarının üzvlüyünə qəbul edilib.

  Fəxriyyə