Daşkənddəki Yüngül Sənaye və Toxuculuq İnstitutunda məşhur özbək yazıçısı Aybekin (Musa Taşməhəmməd, 1905-1968) yaradıcılığına həsr olunmuş “Aybek filosof və ədəbiyyatçı kimi” adlı anım tədbiri keçirilib. Tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) də təmsil olunub.
İnstitutun müəllimi Şahnoza Nurbekova tədbiri açaraq Aybekin həyat və yaradıcılığı haqqında məlumat verib.
AMM-in direktor müavini Polad Zeynalov qədim zamanlardan özbək şairlərinin və yazıçılarının azərbaycanlı həmkarları ilə dostluğundan söz açıb, mərkəzin mədəniyyət və ədəbiyyat sahələrində həyata keçirdiyi layihələrdən danışıb.
Bildirilib ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sindən sonra böyük özbək şairi Əlişir Nəvai türk dilində “Xəmsə” yaradıb və dünya ədəbiyyatına türk dilində “Xəmsə” yaradan şair kimi düşüb. Qeyd olunub ki, AMM-in təşəbbüsü ilə Azərbaycan dilində işıq üzü görən “Özbək poeziyası çələngi” kitabında Aybekin şeirləri də yer alıb.
Mərkəzin əməkdaşı Kifayət Pirməmmədova Aybekin Azərbaycan dilinə çevrilmiş şeirlərini oxuyub.
Tələbələrin təqdimatında Qarabağın milli geyimləri nümayiş olunub, AMM-in “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.