Pandemiya dövrünün bəlli şərtləri çərçivəsində müxtəlif layihələr həyata keçirən  Azərbaycan Dövlət Akademik Musiqili Teatrı "Sarı gəlin" adlı rəqs kompozisiyasının videotəqdimatını edib.

Dünya şöhrətli azərbaycanlı musiqiçi, bəstəkar Sami Yusufun ifasında Azərbaycan və ingilis dilində səslənən "Sarı gəlin" xalq mahnısı əsasında ərsəyə gələn layihənin ideya müəllifi teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissoru Samir Qulamov, operator və montajçısı Hikmət Şahverdizadədir.

Rəqs kompozisiyasının həm də ifaçısı olan Əməkdar artist Emin Əliyev deyib: “Sami Yusufun ifasında səslənən “Sarı gəlin” möhtəşəm əsərdir. Kompozisiyanın əvvəlinin ingilis, sonradan isə ana dilimizdə ifa olması bu baxımdan çox əhəmiyyətlidir və onun rəqs dilində təqdimatı geniş tamaşaçı kütləsində böyük maraq doğuracaq. İndiyə qədər bir nəfərin – yəni Sarı gəlinin rəqsi kimi təqdim olunan bu musiqi heç vaxt  duet şəklində ifa olunmayıb. Bu bir ilkdir. Biz bu ifada istedadlı balet artistimiz Mələkxanım Səfərova ilə birlikdə milli rəqslərimizin bütün incəliklərini nümayiş etdirməyə çalışmışıq. Layihəin reallaşmasında bizə hər cür şərait yaradan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərova yaradıcı heyətimiz adından minnətdarlığımızı bildiririk”.