Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “İWS Azerbaijan” (İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsində Qələbə münasibətilə qrafika və akvarel ustaları arasında elan olunan “Can Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsi davam edir.

Müsabiqənin məqsədi akvarel və qrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, rəssamların yaradıcılığında ölkəmizin tərənnümü, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi rəşadəti, azərbaycançılıq məfkurəsi və milli birliyimizi təsviri sənətdə əks etdirməkdir.

Dövlət Rəsm Qalereyasından bildirilib ki, müsabiqədə Azərbaycan və xarici ölkələrdən olan qrafika və akvarel ustaları iştirak edə bilərlər. Hər iştirakçı ən çox 3 əsərini müsabiqəyə təqdim edə bilər, lakin əsas seçimlərdə sərgidə yalnız bir əsər nümayiş olunacaq.

Əsərləri Xətai Sənət Mərkəzinin “Facebook” qrupunda (müəllif və əsər haqqında müvafiq  məlumatları qeyd etməklə) onlayn qaydada yerləşdirmək xahiş olunur. Müsabiqə 5 mart tarixinədək davam edəcək.