Nazirlər Kabinetinin  “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi barədə” sərəncamında nəzərdə tutulan yardımın vətəndaşlara çatdırılması 98 faiz yerinə yetirilib. Sənədləri itmiş və sənədlərində problemlər olan vətəndaşlar və ölkədən kənarda olanlarla bağlı məsələlər də həll edilir.

Bu barədə məlumat verən Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, əhalinin sonradan olan müraciətləri əsasında Gəncə və Tərtərdə daha 2 000-ə qədər obyektə baxış keçirilib, məlumatlar toplanıb, hesablamalar aparılır.

İ.Məmmədov qeyd edib ki, Dövlət Arxitektura və Şəhərsalma Komitəsi təmir-bərpa və tikinti işlərini aparacaq şirkətləri müəyyənləşdirib, yerlərdə ilkin hazırlıq işləri görülür.

Qeyd edək ki, Nazirlər Kabinetinin sərəncamı ölkə Prezidentinin bu məsələ ilə bağlı 14 dekabr 2020-ci il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə verilib. Prezidentin sərəncamına əsasən, 2020-ci ilin sentyabr-noyabr aylarında Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı aşağıdakı məbləğdə maddi yardım ödənilməlidir: dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat; digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 (bir min) manat.