Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Mərkəzi tərəfindən Vətən müharibəsini özündə əks etdirən 84 saxlama vahidi fotosənəd və 201 kinosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.
Milli Arxiv İdarəsindən bildirilib ki, təhvil verilən kino-foto sənədlər Vətən müharibəsinin ilk günlərindən Zəfər gününə qədər Azərbaycan Ordusunun döyüş yolunu, Ermənistan işğalçı qüvvələrinə sarsıdıcı zərbələr vurmasını, hərbi qənimətləri, ayrı-ayrı döyüş səhnələrini, kəndlərimizin, rayonlarımızın və şəhərlərimizin işğaldan azad edilməsini, habelə müzəffər Ordumuzun əsgər və zabitlərinin Qələbə sevinclərini əks etdirir.
Bununla yanaşı, sənədlər arasında 30 il ərzində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan və Vətən müharibəsində azad edilən ərazilərdə düşmən tərəfindən həyata keçirilmiş vandallıq aktlarını, kənd və şəhərlərin dağıdılmasını, tarixi abidələrin, məscidlərin, qəbiristanlıqların və viran qoyulmuş digər maddi mədəniyyət nümunələrinin Müdafiə Nazirliyinin hərbi operatorları və fotoqrafları tərəfindən, o cümlədən çəkiliş təyinatlı dronların vasitəsilə lentə alınmış kino-foto sənədləri də yer alıb.