Yazıçı Reyhan Yusifqızının “Kompüterin kələyi” əsəri fars dilinə tərcümə olunub. Bu barədə Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) İran Milli bölməsindən F.Köçərli adına Respublika Uşaq Kitabxanasına məlumat verilib. Əsəri fars dilinə uşaq yazarı, tərcüməçi, uşaq ədəbiyyatı tədqiqatçısı Nəsim Yusefi tərcümə edib.

Qeyd edək ki, Reyhan Yusifqızının “Kompüterin kələyi” əsəri 2021-ci ilin yanvar ayında Tehranda fəaliyyət göstərən “Hamşəhri” nəşriyyatının “Doçərxə” jurnalında dərc olunub.

Xatırladaq ki, F.Köçərli adına Respublika Uşaq Kitabxanası 2012-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurasının üzvüdür. İBBY-yə üzv olmaqda məqsəd Azərbaycanın  uşaq yazıçıları, rəssam və tərcüməçilərini müasir uşaq ədəbiyyatının problemlərinə yönəltmək, uşaq ədəbiyyatı sahəsindəki yenilikləri təbliğ etmək, uşaqların mütaliəyə olan həvəslərini artırmaq, onları dünya uşaq ədəbiyyatı nümunələri ilə tanış etməkdir.