Moskvanın Mərkəzi İppodromunda “Datse” qısametrajlı bədii filminin təqdimatı keçirilib. Filmdə Azərbaycanın mədəni irs rəmzlərindən olan Qarabağ atlarından bəhs olunur. “Unicorn Challenge” kino şirkətinin istehsalı olan filmin rejissorları Anar Ömərov və Ava İsmayılovadır. Rolları Azərbaycan və Rusiya aktyorları ifa edirlər.

Filmdə latış rəssam Datse Ştrausun Qarabağ atlarına sevgisi vasitəsilə tamaşaçılara bu nadir at cinsi barədə danışılır, eyni zamanda, Azərbaycanın qədim Qarabağ torpağından bir daha söhbət açılır. Əsas məqsəd isə kökü kəsilməkdə olan bu at cinsini yaşatmağın vacibliyini dünyaya çatdırmaqdır.

Rəssam Datse Ştraus bir müddət Azərbaycanda yaşayıb. Onun Qarabağ atlarına sevgisi silsilə rəsm əsərlərinin ərsəyə gəlməsi ilə nəticələnib. Müxtəlif şəhərlərdə, o cümlədən Bakıda və Moskvada sərgiləri təşkil olunub. Rəssam tamaşaçılarına Qarabağ atlarının möhtəşəmliyi, şahanəliyi, fərqliliyini nümayiş etdirməklə sanki bu məşhur atların yaddaşlarda qalmış qəhrəmanlıq tarixinin dirçəlişinə işarə edir.

Filmin rejissoru Ava İsmayılova bu mövzuya müraciət etməklə Qarabağ atlarının sayının azalmasına diqqət çəkmək niyyətində olduğunu deyib. Filmin “Datse” adlandırılmasını isə rejissor rəssam Datse Ştrausun Azərbaycan mədəniyyətinə, Qarabağın tarixinə sevgi və rəğbəti ilə əlaqələndirib.

Təqdimatın təşkilatçısı Dəmirəl Sultanzadə 2019-cu ildə Moskvada keçirilən “Ekviros” sərgisində ilk dəfə Qarabağ atlarının təqdim olunduğunu qeyd edib. Onun sözlərinə görə, sərgidə 300-dən çox at cinsi nümayiş etdirilsə də, Qarabağ atları tamaşaçıların xüsusi marağına və heyrətinə səbəb olmuşdu. Qarabağ atlarını dünyaya daha çox tanıtmaq və bu barədə film çəkmək ideyası da məhz o zaman yaranıb.