Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin və Küveytdəki Azərbaycan səfirliyinin birgə dəstəyi ilə Küveytin, ümumən Körfəz regionunun aparıcı “Gulf Traveller” jurnalının redaktoru Əhməd Əbi Sido ölkəmizdə səfərdə olub.
   Səfərin nəticəsi olaraq jurnalın dekabr ayında işıq üzü görmüş 48-ci sayında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müsahibəsi və ölkəmizin turizm potensialı haqqında geniş məqalə dərc edilib. Məqalə müəllifi nazir Ə.Qarayevdən aldığı müsahibəyə istinadən Azərbaycanın 60 faizdən artıq ərazisinin turizm üçün yararlı olduğunu, turizm imkanlarının müxtəlifliyini, keçən il ölkəmizə 1 milyon 400 min turistin səfər etdiyini və bu rəqəmin ilbəil artdığını yazır.
   Müəllif Azərbaycanın Küveyt və Körfəz regionunun digər ölkələrindən turistləri və turizm sahəsində sərmayəçiləri qəbul etməyə hazır olması, həmçinin ölkəmizdə turizmin inkişafı üzrə Dövlət Proqramı barədə ətraflı məlumat verib.
   Məqalədə ölkəmizdə 6 mindən çox mədəni-tarixi abidənin olduğunu xüsusi vurğulayan Əhməd Əbi Sido Azərbaycanın qədim tarixini, adət-ənənələrini, milli mətbəxinin zənginliyini, rəngarəng təbiətini və iqlim şəraitini tərənnüm edərək, yurdumuzun turizm imkanlarının ərəb ölkələrinin zövqünü oxşayacağını yazıb.
   Geniş məqalə ilə bərabər jurnalda dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şirvanşahlar saray kompleksinin, İçərişəhərin, Bakının rəmzi - əzəmətli Qız qalasının və Azərbaycanın bir çox görməli yerlərinin fotoşəkilləri dərc olunub.