Müasir dövrdə Qərb ölkələrinin milli kitabxanaları qlobal dəyişikliklər və ənənəvi xüsusiyyətlərindən irəli gələn müxtəlif istiqamətli faktorların çoxluğunun təsiri altında fəaliyyət göstərir. Bu faktorlardan ən başlıcası yeni elektron texnologiyalardır ki, bir tərəfdən istifadəçilərə çap əsərlərindən istifadə üçün geniş imkanlar açmış, digər tərəfdən isə mürəkkəb təşkilati problemlər meydana gətirmişdir. Bu şərtlərdə milli kitabxanalar dəyişikliklərə uyğunlaşmağa səy göstərir, öz rolunu və funksiyalarını yenidən düşünür, inkişaf strategiyalarını korrektə etməyə məcbur qalırlar.

Qərb ölkələrinin milli kitabxanalarının təcrübəsi göstərir ki, ən yüksək texnologiya ilə belə rəqəmsallaşdırma məsələsi ehtimal olunduğundan 20-40 faiz daha çox vaxt apara bilər. Bu zaman əsas məqsəd yalnız rəqəmsallaşdırma və ya mətnlərin internet vasitəsilə əlçatanlığının təmin olunması deyil, həm də sorğu aparatının yaradılmasıdır. Eyni zamanda sənəddəki bütün sözlər axtarış üçün əlçatan olsun deyə mətnlərin optik tanıtıcının (OCR) köməyi ilə konvertasiya olunması vacibdir. Aydındır ki, skaner zamanı tam olaraq səhvlərdən qaçmaq qeyri-mümkündür, keyfiyyətin kənardan insan tərəfindən yoxlanılması isə çoxlu vaxt və zəhmət tələb edir.

Milli kitabxanaların fondlarının rəqəmsallaşdırılma dərəcəsi sahəsində xüsusi tədqiqatların nəticələri daha maraqlıdır. Avropa ölkələrinin milli kitabxanalarının direktorları konfransının nəticələrinə əsasən, 2006-cı ildə 39 Avropa ölkəsinin milli kitabxanası 83 milyon şərti səhifə rəqəmsallaşdırmışdır ki, bunun da 77 %-i (40,6 milyon səhifə, daha çox qəzet) İspaniya Milli Kitabxanası və Fransa Milli Kitabxanası (24,1 milyon) tərəfindən həyata keçirilmişdir. Britaniya Milli Kitabxanası 3,2, Avstriya Milli Kitabxanası 3,2, Çex Respublikası 2,7 milyon səhifə, qalan kitabxanalar xeyli aşağı nəticələr göstərmişdilər. Araşdırmanın müəllifləri müqayisə üçün Cənubi Koreyanın Seuldakı Milli Kitabxanasının göstəricilərini əldə etmişlər və məlum olmuşdur ki, bu kitabxana bütün seçilmiş Avropa ölkələrinin milli kitabxanalarından daha çox rəqəmsal kontentə malikdir – 93 milyon. Problem sualın qoyuluşu və aparılan siyasətlə yekunlaşır: koreyalılar, demək olar ki, hər şeyə onlayn formada sahib olmağı adi hal hesab edirlər, ölkənin Milli Kitabxanası isə müəllif hüquqları üzrə koordinasiya mərkəzi hesab olunur. Yekun olaraq belə nəticə alınır ki, Avropa şərtləri ilə rəqəmsallaşdırılmada sənədli irsin əhəmiyyətli hissəsi qaçılmaz olaraq təhlükə altında qalacaq. Xüsusilə nəzərə alsaq ki, kitab və əlyazmaların saxlanılması şərtləri optimal səviyyədən çox aşağıdır, kitabxanalar özləri isə fondların konservasiya və restavrasiyası problemi ilə daha çox məşğuldurlar, nəinki onların elektronlaşması, rəqəmsal sənədlərin qorunmasından isə söhbət belə gedə bilməz.

Bu sahədə Avstraliya Milli Kitabxanasının rəqəmsal resursların yaradılması sahəsində həyata keçirdiyi işlər xüsusi maraq daşıyır.  Kitabxananın "Pandora" (Preserving and Accessing Networked Documentary Resources of Australia) layihəsi Avstraliyaya həsr edilmiş və ya ölkə üçün dəyərli olan mövzuları özündə saxlayan saytların arxivləşdirilməsini həyata keçirir. 

Məsələyə Britaniya Kitabxanası daha fərqli yanaşır. Kitabxananın direktoru I.Brindlinin fikrincə, rəqəmsal kitabxananın yaradılması zamanı bir neçə əsas faktoru diqqətdə saxlamaq lazımdır: bunlar oxucu auditoriyasının xüsusiyyətləri, tarixi kolleksiyaların vəziyyəti, istifadəçi sorğularının qeydiyyatının mümkünlüyü, işçilərin psixologiyası və başqalarıdır. Ümumiyyətlə, milli kitabxana yalnız özünün vacibliyinə və əhəmiyyətliliyinə inandırmağa çalışmamalıdır, eləcə də istifadəçilər qarşılarında onun səylərinin əyani sübutunu görməlidirlər. Buradan da seçilmiş oxucu qruplarına yönəldilmiş layihələrə diqqət yetirilməsi meydana çıxır. Xüsusi nümunə olaraq yüksək tələbata cavab verən və daima yenilənən tibbə dair nəşrlərin arxivi –  “UK PubMed Central”ı göstərmək olar.

Rəqəmsallaşdırmanın digər sahəsi əvvəllər yalnız peşəkarlar üçün əlçatan olmuş  materialların xalqın istifadəsinə verilməsidir. Buna misal olaraq V.A.Motsartın gündəliyi, Almaz Sutra, Leonardo da Vinçinin və U.Bleykin əlyazma kitabçaları daxil edilmiş Turning The Pages (“Çevrilən səhifələr”) göstərmək olar.

Rəqəmsallaşdırma sahəsində üçüncü istiqamət – əvvəllər bir bütöv halında mövcud olması mümkün olmayan materialların bir araya gətirilməsidir. Hal-hazırda “Codex Sinaiticus Project” (Sinay kodeksi, rəqəmsal Britaniya Kitabxanası və Rusiya Milli Kitabxanası, Leypsiq Universiteti və Sinaydakı müqəddəs Yekaterina monastırının səyləri nəticəsində yaradılmış rəqəmsal versiya) xüsusilə fərqlənir.

Dördüncü istiqamətdə – “Digital Lives” (“rəqəmsal dünyalar”) layihəsi yüksək əhəmiyyətə malik alimlərin müasir şəxsi elektron kolleksiyalarına həsr olunmuş və istifadəçilər üçün əlçatanlığı təmin olunmuşdur.

Nəticə olaraq demək olar ki, elektron kitabxanaların yaranmasına dair universal bir resept yoxdur və hər bir milli kitabxana öz imkanları daxilində, orada işləyən peşəkarların fikirlərinə əsasən və bir sıra digər faktorlar əsasında fəaliyyət göstərir.

Səyyarə MƏMMƏDOVA
AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşı