Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Ankaradan deputat Mevlüt Karakayanı qəbul edib.

Mevlüt Karakaya MHP sədri Dövlət Baxçalının salamlarını Prezident İlham Əliyevə çatdırıb, Vətən müharibəsində qazanılan Zəfər münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

Dövlətimizin başçısı Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi siyasi, mənəvi və diplomatik dəstəyi xatırladıb. Müharibə dövründə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatlarının Azərbaycana böyük dəstək olduğunu deyən Prezident İlham Əliyev Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının müttəfiqi olan Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının da açıqlamalarının siyasi, mənəvi önəm kəsb etdiyini bildirib.

Mevlüt Karakaya Azərbaycanın işğaldan azad edilən torpaqlarında mədəniyyət və incəsənət təmayüllü məktəbin tikintisi ilə bağlı təşəbbüs barədə dövlətimizin başçısına məlumat verib. Bu xüsusda Azərbaycanın rəsmi şəxsləri ilə görüşdüyünü bildirib.

Prezident İlham Əliyev bu təşəbbüsə görə təşəkkürünü bildirib, azad edilmiş torpaqlarda aparılan bərpa və şəhərsalma işləri çərçivəsində bu təşəbbüsün nəzərə alınacağını deyib. İşğaldan azad olunan ərazilərdə şəhərlərin baş planlarının hazırlandığını vurğulayan dövlətimizin başçısı məktəb binası üçün münasib yerin seçilməsi məqsədilə müvafiq təlimatlar verəcəyini qeyd edib.

***

“Ülkü Ocaqlarının Mədəniyyət və Təhsil Dərnəyi bu məktəbi Şuşa memarlığına uyğun tikəcək və Azərbaycan Təhsil Nazirliyinə təhvil verəcək. Bizim əsas hədəfimiz Şuşanın memarlığına, tarixinə uyğun olaraq bir binanın tikilməsidir”.

MHP sədrinin müavini Mevlüt Karakaya bunu fevralın 2-də Bakıda keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, MHP sədri bu məktəbə Üzeyir Hacıbəylinin adının verilməsini təklif edib.