Daxili və beynəlxalq turizm bazarı daim yüksək rəqabət şəraitində işləyir. Turistləri cəlb etmək üçün həm ayrı-ayrı ölkələr arasında, həm də ölkə daxilində - regionlar, şəhərlər, mehmanxanalar, xidmət müəssisələri və turizm firmaları arasında kəskin rəqabət gedir. Sərt rəqabət şəraitində marketinq dəqiq proqramının tərtibi, onun ardıcıl və konkret tədbirlər üzrə həyata keçirilməsi, bazarın öyrənilməsi, turizm məhsulunun hazırlanması və turizm bazarında onun məqsədyönlü irəliləməsi mühüm əhəmiyyət kəsb edir.
   
   Müasir marketinqin ayrılmaz hissəsi olan reklam-informasiya işi belə bir şəraitdə böyük rol oynayır. Reklam - psixologiya, sosiologiya, estetika və digər elmlərin yeni nailiyyətlərindən istifadə edərək, son zamanlar özü ayrıca bir nəhəng sənayeyə çevrilib. Marketinq bir elm kimi reklam vasitələrini, üsullarını, alətlərini və digər aspektlərini diqqətlə öyrənir və təhlil edir.
   Bu yazı reklam fəaliyyətinin təşkili və aparılmasını məqsəd kimi qarşıya qoymur. Məqsəd yalnız turizmdə reklamın əsas məqamları ilə tanış olmaqdır.
   Turizm sahəsində reklam - informasiya fəaliyyəti iki səviyyədə aparılır: dövlət səviyyəsində (makrosəviyyə) və kommersiya strukturları (turfirma, mehmanxana, nəqliyyat müəssisələri və s.) səviyyəsində (mikrosəviyyə).
   Makrosəviyyəli reklam hər bir dövlətin tənzimləmə orqanları - nazirlik, idarələr, komitələr tərəfindən həyata keçirilir. Ümumdünya Turizm Təşkilatı (ÜTT) onları milli turizm təşkilatları adlandırır. Buraya həmçinin regional, bələdiyyə orqanları, turizmi idarəetmə orqanları və assosiasiyalar aiddir. Bu səviyyədə reklamın əsas məqsədi bütövlüklə ölkənin və ya onun müəyyən bir regionunun əlverişli imicini yaratmaq, potensial istehlakçını çoxsaylı digər turizm istiqamətlərindən yalnız bu ölkəni və ya bu regionu öz səyahəti üçün seçməyə sövq etməkdir.
   Makrosəviyyəli reklam fəaliyyəti əsasən büdcə vəsaiti hesabına aparılır. Bir çox hallarda turistləri öz regionlarına cəlb etmək üçün ölkələr birləşir. Məsələn, Qərbi Avropa ölkələri hələ 1948-ci ildə Avropa Turist Komissiyasını təsis etmişlər. Onun məqsədi Avropaya dünyanın digər regionlarından, əsasən ABŞ, Kanada və Yaponiyadan turizm axınının güclənməsinə və Avropadaxili turizmin inkişafına yardım etməkdir. Hazırda Asiya və Sakit Okean ölkələrinin Turist Assosiasiyası, Latın Amerikası Turist Təşkilatları Konfederasiyası və digərləri də fəal reklam fəaliyyəti aparırlar.
   Turizmin reklamı kompleks yanaşma tələb edir. Bir çox ölkələr reklam kampaniyasının xüsusi mövzularını işləyib hazırlayır. Məsələn, Almaniya uzun illərdir ki, öz ölkəsini romantik bir diyar kimi reklam edir. İsveçrə bir il qış turizmi ölkəsi, növbəti ildə göllər diyarı və s. kimi özünü reklam edir.
   Reklam fəaliyyətində məşhur tarixi hadisə və faktlardan da istifadə olunur: şəhərlərin ildönümləri, müxtəlif tarixi, mədəni və siyasi hadisələr.
   Dövlət strukturları və ictimai təşkilatların reklam - informasiya işi, kommersiya təşkilatları tərəfindən aparılan reklam kampaniyasının çox az, amma önəmli hissəsini təşkil edir.
   Mikrosəviyyədə reklam və ya kommersiya reklamı, ölkə turizminin əlverişli imicini yaradan makrosəviyyəli reklamdan fərqli olaraq, alıcıları turizm bazarında təklif olunan çoxsaylı turizm məhsulundan yalnız konkret məhsula cəlb edir.
   Ümumiyyətlə turizmdə, həmçinin Azərbaycan turizmində reklam fəaliyyəti ciddi reqlamentləşir, yəni müəyyən qaydalara tabe olur. Dövlət, turizm firmalarının reklamına xüsusi tələblər irəli sürür.
   Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi AZS 079-2003 (QOST R50690-94) saylı Dövlət standartı, təşkilati, hüquqi formasından və idarəçilik formasından asılı olmayaraq, turizm müəssisələri tərəfindən göstərilən xidmətlərin keyfiyyəti üzrə məcburi və könüllü tələbləri müəyyən edir. Və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu, turist-ekskursiya xidməti sahəsində standartlaşdırma (QOST 28681.0-90) sənədləri bu fəaliyyət növündə əsas normativ aktlardır.
   Turfirmalar reklam məlumatlarında izah olunmuş informasiyaların doğruluğuna məsuliyyət daşıyır. Turizm məhsulu haqqında informasiya konkret və obyektiv olmalıdır. Sonuncu tələb daha önəmlidir, çünki əksər ölkələrdə, həmçinin Azərbaycanda da istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun qəbul edilib. Ona görə də reklamda qeyd olunan məlumatla, faktiki göstərilən xidmətlər arasında ziddiyyət olduqda turist, firmadan müəyyən kompensasiya tələb etmək hüququna malikdir.
   Kütləvi informasiya vasitələrini, çap reklam nəşrlərini (broşür, buklet, kataloq, plakat və s.) kino və videoreklam; sərgi, birja, yarmarkaları və s. turizmin əsas reklam sahələri adlandırmaq olar.
    Kütləvi informasiya vasitələrində turizm məhsulunun reklamı ən təsirli reklamdır. KİV-də reklamın yerləşdirilməsi üçün yerin seçimi çox önəmlidir.
   Turizm sahəsində reklam-informasiya işi iki istiqamətdə aparılır (istehlakçılara və turizm sənayesinin peşəkar işçilərinə yönələn). Reklamın forması və məzmunu da onun hansı istiqamətdə aparılmasından asılı olur. Belə ki, reklamın kimə ünvanlandığından asılı olaraq, eyni turizm məhsulu fərqli formada təqdim oluna bilər. Bunu ayrı-ayrı reklamın çap növlərinin nümunəsində (broşür, kataloq, buklet) daha əyani nümayiş etdirmək olar. İstehlakçıya ünvanlanan çap reklamı, şəkilləri bol və gözəl üslubda tərtib olunmalıdır. Onun əsas məqsədi istehlakçının diqqətini turizm məhsuluna cəlb etməkdir. Belə hallar üçün istifadə olunan əsas reklam mövzusu: məhsulun təkraredilməzliyi, onun üstün xüsusiyyətləri; xidmət səviyyəsi; komfort (rahatlıq); yüksək xidmət keyfiyyətilə yanaşı, münasib qiymətlərin mövcudluğunun önə çəkilməsi və s.
   Reklam işinin səmərəliliyi, onun keçirilmə vaxtının düzgün seçilməsindən də asılıdır. Hamıya bəllidir ki, ən təsirli reklam vasitəsi, agentliklər tərəfindən göstərilən stabil xidmət keyfiyyəti və onun müştərilərə qarşı səmimi olmasıdır. Agentlik vasitəsilə təşkil olunmuş səyahətdən razı qalan müştəri, çox güman ki, agentliyin xidmətlərinə yenidən müraciət edəcək. Onu da qeyd edək ki, mətbuat səhifələrində vaxtaşırı təkrarlanan çox baha olmayan elanlar, birdəfəlik baha elanlardan daha çox fayda verə bilər.
   Reklam hazırlanarkən yerli ənənələr nəzərə alınmalı, radio və televiziya məlumatlarında etik normalardan kənar səs və təsvirlər verilməməlidir.
   
   Sabir RƏhimov,
   Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurasının sədr müavini