Azərbaycan muğam ifaçılığında parlaq imzalar çox olub. Hətta bir sıra muğamların adı onu özünəməxsus tərzdə ifa edən sənətkarların adı ilə qoşa çəkilib. “Mirzə Hüseyn Segahı”, “Haşım Segahı” və s. Bu yazıda biz qədim muğam beşiyi Şuşanın musiqi mədəniyyətimizə bəxş etdiyi, “Zabul Qasım” kimi məşhur olan xanəndə Qasım Abdullayevin ömür və sənət yoluna nəzər salacağıq. O xanəndə ki, ötən əsrin əvvəllərində Şuşada və Bakıda musiqi məclislərində, eləcə də “Şərq konsertləri”ndə möhtəşəm çıxışları ilə muğamsevərləri öz sehrinə salmışdı.
Qasım İbrahim oğlu Abdullayev 1873-cü ildə dünyaya göz açıb. Şuşanın zəngin mədəniyyət, musiqi mühiti erkən çağlardan onda xanəndəliyə maraq oyadır. Ustad sənətkarların ifalarını dinləyə-dinləyə özü də xanəndəyə çevrilir. Tez-tez tədbirlərə, xüsusilə imkanlı ailələrin məclislərinə dəvət olunur. Şuşadakı “Şəmilin bağı”nda muğamsevərlər qarşısında məlahətli səslə çıxışlar edir.
Görkəmli xanəndə İslam Abdullayev xatirələrində yazır: “1913-cü ilin səfalı yay günləri idi. İsa bulağında bir neçə məclis qurulmuşdu. Şənliyə Qarabağın adlı-sanlı xanəndələri dəvət olunmuşdu. Hər məclisdə bir xanəndə vardı. Birdən Qasımın hər kəsi valeh edən bəlağətli səsi eşidildi. O, “Zabul” oxuyurdu. Qasımın səsini eşidən bütün xanəndələr, hətta rəhmətlik Cabbar Qaryağdıoğlu belə qavalı yerə qoydu. Onun vurduğu şirin xallar və gözəl guşələr maraqla dinlənilirdi. Həmin vaxt mən şuşalı tacir Hacı Bəşirin məclisində “Rast” oxuyan xanəndə Xanlıq Şükürə qulaq asırdım... Məclisdə Hacı Bəşir “palazqulaq” bir yüzlük çıxarıb Şükürün qarşısına qoydu. Ondan acığa bir “Zabul” oxumağı xahiş etdi. Ancaq Xanlıq Şükür oxumadı və dedi: “Ağa, Qasım olan məclisdə mən “Zabul” oxumaram”.
Musiqişünas Firudin Şuşinski araşdırmasında yazır ki, “Zabul-Segah” musiqi məclislərində ən çox ifa olunan muğamlardan olub. Məşədi Qasım bu muğamı çox gözəl ifa edib. Onun oxuduğu “Zabul” son dərəcə lirik mahiyyət daşımaqla, həddindən artıq gözəl guşə və şirin xalları ilə bütün başqa xanəndələrin oxuduqları “Zabul”dan fərqlənirdi. Buna görə də Qasımdan sonra gələn xanəndələr, xüsusilə Musa Şuşinski, Bülbül, Xan Şuşinski, Əli Cavad oğlu və Zülfü Adıgözəlov kimi peşəkar xanəndələr “Zabul” oxumaqda məhz Qasım Abdullayevi təqlid edirdilər. Ötən əsrin əvvəllərində Zabul Qasım Bakıda bir neçə konsert verir və tamaşaçıların rəğbətini qazanır. O daha sonra “Tağıyev teatrı”nda verilən “Şərq konserti”ndə Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər və Seyid Mirbabayevlə birlikdə çıxış edir. Bu konsertdə Qasımın ifası sürəkli alqışlarla qarşılanır. Həmin dövrdə “Kaspi” qəzeti “Şərq konserti” və onun ifaçıları haqqında dərc etdiyi məqalələrin birində Qasımın xanəndəliyini yüksək qiymətləndirərək yazırdı: “Konsertin birinci şöbəsində, bir neçə vaxt bundan əvvəl Şuşadan gəlmiş müğənni Qasım çıxış etdi. O, gözəl səsi ilə “Segah” muğamını olduqca şirin oxudu...”.
Xanəndə haqqında araşdırmada qeyd edilir ki, Zabul Qasım təkcə peşəkar muğam ifaçısı deyil, eyni zamanda opera artisti kimi də tanınıb. Onu ilk dəfə səhnəyə dəvət edən və istedadına yüksək qiymət verən görkəmli bəstəkar Zülfüqar Hacıbəyov olub. Xanəndə 7 avqust 1913-cü ildə Şuşadakı “Yay klubu”nda tamaşaya qoyulan “Leyli və Məcnun” operasında Məcnunun atası rolunda çıxış edir. Onun professional çıxışı tamaşaçıları valeh edir. Bundan sonra Qasım Abdullayevin adı teatr tamaşalarının afişalarında tez-tez əks olunur.
Sənətkarın ifasının sorağı ölkəmizin hüdudlarını aşır. “Sport-Rekord” musiqi şirkətinin dəvəti ilə 1914-cü ildə Tiflisə gedir. Orada “Zabul-Segah”, “Bayatı-Şiraz”, “Humayun”, “Şur” və “Mahur-hindi” muğam və təsnifləri onun ifasında qrammofon valına yazılır.
Qasım Abdullayev Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra incəsənət sahəsində çalışır. Musiqi mədəniyyətimizin inkişafına töhfələr verir. Xanəndə nədənsə Bakı şəhərində çox qalmır. Bir müddət sonra Şuşaya qayıdır. Şəhərdəki musiqi məktəbində muğam sənətinin sirlərini yeni nəsillərə öyrədir.
Ustad sənətkar 1927-ci ildə, 54 yaşında vəfat edib. Bu vaxtsız itkidən Cabbar Qaryağdıoğlu bərk təsirlənir və “Mən Qasımın ölümünə yox, “Zabul”un ölümünə ağlayıram. Qasım ölmədi, “Zabul” öldü”, deyir. Zabul Qasımı daha yaxşı tanıyan görkəmli xanəndə Seyid Şuşinski isə Məşədi Qasımı “böyük xanəndə” kimi səciyyələndirib: “Bu adam incəsənət üçün yaranmışdı. O, həmişə tarzən Məşədi Zeynalla oxuyardı. Qasım elə bil “Zabul” muğamı ilə əkiz yaranmışdı”.
Savalan FƏRƏCOV