Ədəbiyyat İnstitutunun 2021-ci il üçün tədqiqat işlərinin planı təsdiqlənib
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının 2021-ci ildə ilk onlayn iclası keçirilib. İclasa Türkiyədən Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlu və Tatarıstandan akademik Daniya Zaqidullina da qatılıblar.
Elmi şuranı AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib. Sonra o, türk dünyası və Azərbaycanla ədəbi-mədəni əlaqələrin inkişafında verdiyi töhfələrə görə hər iki qonağın institut tərəfindən təltif edildiyini bildirib. Qeyd edib ki, Tatarıstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Daniya Zaqidullina türk dünyası ölkələrinin əlaqələrinin genişləndirilməsində və Azərbaycan ədəbiyyatının təbliğində gördüyü böyük işlərə görə institutun “Fəxri doktoru”, Yaqub Öməroğlu isə Türkiyədə və türk dünyasında Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrə görə institutun “Fəxri dostu” adına layiq görülüb.
İsa Həbibbəyli Avrasiya Yazarlar Birliyinin “Qardaş qələmlər” dərgisinin may nömrəsinin Azərbaycana həsr olunmasının əməkdaşlığa böyük töhfə verəcəyini deyib. Həmçinin Tatarıstanda Nizami Gəncəvinin təbliği sahəsində görülən işlərin miqyasının genişlənəcəyinə əminlik ifadə olunub.
İclasda çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid diqqətə çatdırıb ki, Türkiyədə 200-dən çox azərbaycanlı müəllifin kitabının çap edilməsində Yaqub Öməroğlunun xüsusi əməyi olub.
Qonaqlar göstərilən etimada görə minnətdarlıqlarını bildiriblər. Yeni hekayələr kitabının Türkiyədən öncə ilk dəfə Azərbaycanda çap olunduğunu deyən Yaqub Öməroğlu “Nizami Gəncəvi İli”ndə dahi şairin adını daşıyan bir elm ocağından belə bir təltifə layiq görülməsinin qürurverici olduğunu vurğulayıb.
Sonra institutun Ortaq başlanğıc və İntibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov 80 illik yubileyi ilə əlaqədar olaraq təbrik edilib və fəxri fərmanla təltif olunub.
“İlin gənc alimi – 2020” nominasiyasına institutun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi, doktorant Gülnar Səma layiq görülüb.
İclasda elmi katib, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli institutun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının elmi nəşrlərin beynəlxalq indeksləşdirmə bazası olan “Copernicus” sisteminə və Türkiyədə fəaliyyət göstərən “ASOS indeks” sisteminə daxil edildiyi haqqında məlumat verib.
Gündəlikdəki digər məsələlər, o cümlədən “Nizami Gəncəvi İli” çərçivəsində qarşıda duran vəzifələr, “Qarabağ ədəbi mühiti” monoqrafiyasının planı və müəlliflər heyətinin müəyyənləşdirilməsi, institutun 2021-ci il üçün elmi tədqiqat işlərinin əhatəli planı, çap məsələləri və s. müzakirə olunaraq təsdiqlənib.