Azərbaycanda 2 fevral Gənclər Gününün təsis olunması ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Dövlətimizin gənclərə qayğısı, etimadı nəticəsində bu gün ölkəmizdə intellektual, savadlı, hərtərəfli biliyə malik olan yeni gənc nəsil yetişməkdədir.

Bu gün Azərbaycan gənclərinin qarşısında duran əsas vəzifələrdən biri elmin, təhsilin inkişafında səmərəli fəaliyyət göstərmək, ölkəmizin beynəlxalq arenada layiqincə tanınması və siyasi, iqtisadi yüksəlişi naminə bütün bacarıq və imkanlardan istifadə edərək yorulmadan çalışmaqdır.

Ölkə Prezidenti İlham Əliyev tərəfindən gənclər üçün yaradılan geniş imkanlar onların özlərini cəmiyyətdə təsdiq etməsi üçün mühüm zəmindir. Dövlət başçısı İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə “Gənclər üçün Prezident mükafatı”nın təsis edilməsidir. Gənclərin bütün sahələrdə fəal iştirakına şərait yaradılır; gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemləri həll edilir.

Bakı Xoreoqrafiya Akademiyasında da gənclərin elmi, yaradıcı və mədəni fəaliyyətlərinin genişləndirilməsi daim diqqət mərkəzindədir. Akademiyanın rektoru, professor Timuçin Əfəndiyev tərəfindən gəncləri yeni-yeni nailiyyətlər əldə etməyə sövq etmək, onların səmərəli fəaliyyət göstərməsi üçün şərait yaradılıb.

Əziz gənclər, bayramınız mübarək!

Vəfa GÖVHƏR
Bakı Xoreoqrafiya Akademiyasının mətbuat katibi