Qəbələ rayonuna səfər edən yerli və xarici turistlərin sayı ildən-ilə artır. Rayonun mədəniyyət və turizm şöbəsindən mətbuata verilən xəbərə görə, 2009-cu ildə Qəbələyə 29 min 855 turist gəlib. Onlardan 24 min 47-si yerli, 5 min 808 nəfəri isə xarici vətəndaşdır. Bu da əvvəlki illə müqayisədə iki dəfə çoxdur. Qəbələyə gələn qonaqların 26 min 96-sı müxtəlif turizm obyektlərində istirahət etmiş, 3 min 200-ü işgüzar səfərdə olmuş, 191-i isə sanatoriyada müalicə almışdır. Ötən il Qəbələnin bir sıra yerli və beynəlxalq əhəmiyyətli iqtisadi və mədəni-kütləvi tədbirlərə ev sahibliyi etməsi bu rayona işgüzar səfərə və istirahətə gələnlərin sayının artmasına səbəb olub. Hazırda rayonda 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyət göstərir. Qəbələdə müasir turizm obyektlərinin sayı ötən 5 ildə 4 dəfə artaraq 13-ə çatıb. Həmin turizm mərkəzlərində meşə gəzintisi, atla gəzinti, balıq ovu, göldə qayıqla gəzinti, görməli yerlərə və tarixi abidələrə səyahət və digər xidmətlərin göstərilməsi üçün imkan yaradılıb.
Fəxriyyə ABDULLAYEVA