Dublyajın rejissoru – Arif Həbibi
Əməkdar mədəniyyət işçisi, kino xadimi, tanınmış dublyaj rejissoru Arif Həbibinin ölüm xəbərini eşidəndə
Bir də gördün yox oldu adam,
Bir də gördün fotodu...
misraları gəldi ağlıma. Arif müəllimin adını hələ uşaq ikən baxdığım filmlərin sonunda eşidərdim və mənə çox maraqlı gələrdi. Dublyajın rejissoru – Arif Həbibi. Düşünərdim ki, necə maraqlı işi var, görəsən, filmi bizim dilə necə çevirir. O vaxt təbii ki, dublyaj haqqında təsəvvürlərim yox idi və filmin sonunda səslənən bu bir cümlə mənə böyük xəyallar qurmağa kömək edərdi. Arif Həbibinin adını eşitdiyim ilk filmi isə bu günə kimi dəqiq xatırlayıram. “Özbəkfilm”in istehsal etdiyi “Gəlinlərin qiyamı” filmi idi...
Fəsil döndü, il dolandı qismət məni mədəniyyət sahəsinə gətirdi. Bu illər ərzində onunla dəfələrlə tədbirlərdə görüşdük, bəzən hər hansı kino mövzusunda zəngləşdik də. Ömrünün 50 ildən çoxunu dublyaj sənətinə həsr etmişdi. Sadə, təvazökar insan idi. Kino sənətimizin nəhəng simaları, kinostudiyanın qaynar çağlarında yaşananları kövrək hisslərlə xatırlayardı hər zaman. Sənət dostları haqqında xatirələri böyük sevgi ilə bölüşərdi. Hər biri ilə bağlı özünəməxsus xatirələri, əsl peşəkar düşüncələri var idi. Dublyaj sənətinin bu günü onu narahat edən məsələlərdən idi.
İlk filmini 27 yaşında dublyaj etmişdi. Qəzetimizə verdiyi müsahibəsində Arif Həbibi həmin illəri sevgi ilə xatırlamışdı: “Bu sənətə 1967-ci ildə görkəmli teatr və kino xadimi Adil İsgəndərovun təkidi ilə gəlmişəm. Həmin vaxt “Mən ki gözəl deyildim” filmi çəkilirdi. Filmin rejissorlarından biri Ağarza Quliyev idi. Bizim də onunla ailəvi dostluğumuz vardı. Kinostudiyaya gedib Adil müəllimə Ağarza müəllimlə həmin filmdə işləmək istəyimi bildirdim. Dedi yox, filmin yaradıcı heyəti artıq təsdiqlənib. Səni dublyajda rejissor assistenti kimi işə götürəcəm. Orda üç-dörd ay işlə, sonra rejissor işinə keçirəcəm. Bu üç-dörd ay üç il dörd ay oldu. Bu illər ərzində mən görkəmli kino xadimlərindən Ağarza Quliyevin, Şamil Mahmudbəyovun, Əlisəttar Atakişiyevin, Yusif Yulduzun assistenti işlədim. Bu sənətkarlar film çəkmədikləri müddətdə öz xahişləri ilə dublyajda rejissor kimi çalışır, məvacib alırdılar. Görkəmli kino rejissorları ilə çalışmağım isə mənim həyatımda, yaradıcılığımda çox böyük rol oynadı.
Rejissor kimi ilk dəfə 1970-ci ildə, 27 yaşımda “Anam ərə gedir” adlı filmi (sovet melodramı, “Lenfilm” – red.) dublyaj etdim. Sonra isə dublyaj fəaliyyətim davam etdi. Aktyorları adətən özüm seçirdim. Xalq artistləri Leyla Bədirbəyli, Əminə Yusifqızı, Amaliya Pənahova, Məhluqə Sadıqova, Şahmar Ələkbərov, Məlik Dadaşov, əməkdar artistlərdən Həsən Əbluc, Səməndər Rzayev, Hamlet Xanızadə, Mirvari Novruzova və başqalarını dublyaja tez-tez çağırırdım. Dörd saatdan artıq studiyada işləmək ağır idi. Amma çox həvəslə işləyirdik. Dublyaj etdiyimiz filmlər də maraqla baxılırdı və sevilirdi”.
Bəli, həmin filmlər bu gün də kino fondumuzun qiymətli saxlancıdır.
Bu illər ərzində Arif müəllim 1000-ə yaxın xarici bədii, sənədli və cizgi filminin dublyajına rejissorluq edib. Həmçinin uzun illər “Azərbaycanfilm”in istehsal etdiyi bədii filmlərin səsləndirilməsində məsləhətçi-rejissor olub. Mədəniyyət və İncəsənət Universitetində dublyajdan dərs deyib. “Space”, “Lider”, ANS, ATV telekanallarında çalışıb.
...1943-cü ilin yayında dünyaya göz açan Arif Həbibi 77 yaşında – qış günündə dünyaya vida etdi. İnanırıq ki, dublyaj sənətində ustadın yolu layiqincə davam etdiriləcək.
Lalə AZƏRİ