Azərbaycan çox nadir təbii, mədəni, milli, etnoqrafik obyektlər kompleksinə malikdir. Əlverişli coğrafi mövqeyi, doqquz iqlim qurşağı, flora və faunasının müxtəlifliyi və zənginliyi, dəniz sahilində yerləşməsi, mədəni-tarixi irsi, ləziz mətbəxi, yüksək qonaqpərvərlik ənənələri ölkəmizdə turizmin inkişafı üçün böyük perspektivlər yaradır.
      
   Son illər ərzində turizm infrastrukturunun genişləndirilməsi istiqamətində respublikanın paytaxtı Bakı şəhərində və regionlarda böyük işlər görülüb. Respublikamızda müxtəlif turizm tədbirləri keçirilir, turizm şirkətlərinin sayı çoxalır, yerləşdirmə obyektlərinin sayı gün-gündən artır, turizmə aid müxtəlif reklam materialları buraxılır, bu sahədə çalışan işçilərin əməyi qiymətləndirilir. Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Turizm İnstitutunun yaradılması, turizmin inkişaf etdirilməsi, turizm və rekreasiya zonaları, Azərbaycan kurortları haqqında prezidentin fərmanlarının və dövlət proqramlarının qəbul edilməsi olduqca təqdirəlayiqdir. Amma bununla yanaşı, respublikamızda turizm sahəsini daha yüksək səviyyəyə qaldırmaq üçün görüləcək işlər hələ çoxdur.
   Turizmin inkişafı üçün birinci növbədə respublikamızda mükəmməl turizm infrastrukturu yaradılmalıdır. Kütləvi turizmə üstünlük verilməlidir. Çox təəssüf ki, iş adamları yeni istifadəyə verilən obyektlərdən tez və yaxşı gəlir götürmək üçün xidmət qiymətlərini qaldırırlar. Ona görə də bu obyektlər ilin yarısı boş olur. Mövcud olan turizm obyektləri əsasən biznes adamları və əhalinin yüksək gəlirli təbəqələri üçün nəzərdə tutulub. Bu obyektlərin əksəriyyətində xidmət səviyyəsi ödənilən məbləğə uyğun deyil. Qiymətlər münasib olsa, kütləvi turist axını da olar. Maddi imkanı olanlar, həmin qiymətə Türkiyə, Kipr, Yunanıstana üz tutur. Çünki oralarda xidmət səviyyəsi daha yüksəkdir. Turizmin inkişafı üçün 2 və 3 ulduzlu hotellərin sayını artırmaq lazımdır.
   Azərbaycan dünyada hələ də neft ölkəsi kimi tanınır. Amma onu qədim və yüksək mədəniyyəti, incəsənəti, tarixi abidələri, məşhur turizm obyektləri olan bir ölkə kimi tanıtmaq lazımdır.
   Turizmin inkişafı üçün hər bir ölkə vətəndaşında hər şeydən əvvəl millət, vətən, torpaq sevgisi olmalıdır. İlk növbədə bu hisslər turizm sahəsində çalışan insanlarda olmalıdır. Turizm sahəsində çalışan kadrlar öz xalqının mədəniyyətini, tarixini, adət-ənənələrini yüksək səviyyədə bilməli, onu təbliğ etməlidir.
   Respublikamızda turizm marşrutlarına daxil olan abidələrin mühafizəsi müvafiq orqanlar tərəfindən gücləndirilməli, bir çox tarixi abidələrin konservasiyasına və bərpasına diqqət yetirilməlidir. Əks halda, bir neçə ildən sonra həmin abidələr turistlərin maraq və diqqətini cəlb etməyəcək.
   Əgər qrup şəklində ölkəmizə gələn turistlər üçün müvafiq proqramlar tərtib olunursa, fərdi şəkildə gələnlər dilemma qarşısında qalırlar: hara getməli, nəyə baxmalı? Bu səbəbdən də mədəni və əyləncə proqramlarının təşkilinə ciddi yanaşılmalıdır.
   Ümumiyyətlə regionlar üzrə buklet, xəritə-sxem, prospektlər ya çox azdır, ya da heç yoxdur. Yeni tikilmiş obyektlər haqqında məlumat isə yox dərəcəsindədir. İxtisaslı mütəxəssislər çatışmır, ekskursiya bələdçiləri, təlimatçılar, yerləşmə və qida müəssisələrində peşəkar xidmət personalı olduqca azdır.
   Keçmiş SSRİ dövründə bir neçə respublikanın ərazisindən keçən turist marşrutları fəaliyyət göstərirdi. Turizm şirkətləri indii də qonşu ölkələri birləşdirən maraqlı marşrutlar tərtib edə bilərlər. Məsələn, Azərbaycan-İran, Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya, Azərbaycan-Türkmənistan və s. Belə marşrutlar xarici turistlər üçün sərfəli olduğu qədər də bölgə ölkələri arasında qarşılıqlı turizm əlaqələrini inkişaf etdirər.
   Respublikamızda turizm mövsümü yay və qış turizm mövsümlərinə ayrılır. Bu da ilin təqribən 190 gününü təşkil edir. İlin qalan günləri sakit mövsümdür. Turizm fəaliyyəti zəifləyir. Bu zaman turizm obyektlərində aztəminatlı ailələrin, təqaüdçülərin, əlillərin istirahətini güzəştli qiymətlərlə təşkil etmək mümkündür. Bu işdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun köməyi lazımdır. Bir sıra MDB ölkələrində (Rusiya, Ukrayna, Belarus və s.) sosial turizmi geniş yayılıb.
   Hər bir ölkədə turizmin inkişafı turist-ekskursiya marşrutu və istiqamətlərinin müvafiq hüquqi sənədləşməsini tələb edir. Respublikamızın böyük şəhərlərində daha populyar ekskursiya marşrutlarının, müxtəlif ərazilərində yerləşən təbiət abidələrinin, istirahət zonalarının pasportlaşmasını həyata keçirmək lazımdır. Bunun üçün Mədəniyyət və Turizm Nazirliyinin nəzdində xüsusi pasportlaşdırma komissiyası təsis olunmalıdır.
   Turizm ölkənin inkişaf etməsinə, varlanmasına, əhalinin güzaranının yaxşılaşmasına xidmət edən gəlirli biznes sahəsidir. Bundan əlavə xalqın, onun mədəniyyətinin, milli dəyərlərinin dünyada tanınmasına xidmət edən bir sahədir.
   Azərbaycanın coğrafi mövqeyi, iqlimi, qonaqpərvərliyi, ölkənin daxili sabitliyi, qədim mədəniyyəti imkan verir ki, ölkəmiz tezliklə dünyanın turizm mərkəzlərinin birinə çevrilsin.
   
   Sabir Rəhimov,
   Respublika Turizm və Ekskursiyalar Şurası sədrinin müavini







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar