Milli Kitabxanada “Mifologiyanın elçisi, Kamal Abdulla ərməğanı” adlı kitabın təqdimatı keçirilib. Kitab Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, Əməkdar elm xadimi, akademik Kamal Abdullanın anadan olmasının 70 illiyi münasibətilə Türkiyədə çapdan çıxıb.

Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşən tədbiri kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bildirib ki, ötən ilin dekabr ayında görkəmli alim Kamal Abdullanın 70 yaşı tamam olub. Kamal Abdullanın Azərbaycan xalqı, dövləti qarşısında xidmətləri böyükdür. Bir türkoloq alim kimi onun Azərbaycan filologiyasının, xüsusilə də qorqudşünaslığın, sintaksisin nəzəri problemlərinin, mətn dilçiliyinin hərtərəfli öyrənilməsi və inkişafında mühüm xidmətləri var. Kamal Abdulla həmçinin Azərbaycan dilinin, mədəniyyətinin və multikulturalizminin Avropa və Amerika, Yaxın və Uzaq Şərq ölkələrinin universitetlərində təbliği ilə bağlı geniş fəaliyyət göstərib, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına öz töhfəsini verib. Kitab haqqında söz açan Kərim Tahirov yeni nəşrdə tər Azərbaycanın, türk dünyası və xarici müəlliflərin Kamal Abdulla haqqında fikirləri, təbrikləri, mülahizələrinin əksini tapdığını vurğulayıb.

AMEA-nın vitse prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli məruzə ilə çıxış edərək ilk öncə M.F.Axundzadə adına Milli Kitabxananın elm, mədəniyyət sahəsindəki fəaliyyətini və ziyalılarımıza göstərdiyi diqqəti yüksək qiymətləndirib. Bildirib ki, Kamal Abdulla yaradıcılığı nəinki Azərbaycanda, həmçinin ölkə hüdudlarından kənarda da tanınır, tədqiq edilir. “Kamal Abdulla Azərbaycan ədəbiyyatına əhəmiyyətli töhfələr verən ziyalılarımızdandır. Onun həm Xalq yazıçısı, həm də bir akademik kimi fəaliyyəti çox dəyərlidir. Belə ki, onun “Kitabi-Dədə Qorqud” haqqında yazdığı əsərlərində həm bədii, ədəbi yanaşma, həm də elmi yanaşma olduğunu görürük. Postmodernizm cərəyanının yaradılmasında da Kamal Abdullanın mühüm xidmətləri var”, - deyə İsa Həbibbəyli bildirib.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, millət vəkili, akademik Nizami Cəfərov deyib ki, Kamal Abdullanın Azərbaycan dilinin qrammatikası, sintaksisin ayrı-ayrı məsələlərinə dair ciddi tədqiqat əsərləri var. Kitab haqqında danışan akademik bildirib ki, nəşrdə 24 ölkənin 123 müəllifinin Kamal Abdulla haqqında məqalələri yer alıb. Kitab Azərbaycan yazıçısı haqqında xaricdə çap olunan mükəmməl bir nəşrdir.

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı əvvəlcə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli nümayəndələrinə həsr edilən belə tədbirləri təşkil etdiyinə görə Milli Kitabxanaya öz təşəkkürünü bildirib. Fundamental kitabın nəşrini yüksək qiymətləndirən millət vəkili qeyd edib ki, Kamal Abdulla yaradıcılığı çoxşaxəlidir. O həm şair, həm də gözəl hekayə ustası, dilçi, türkoloq, folklorşünas, ədəbiyyatşünas, mədəniyyətşünas alimdir.

Tədbirdə Milli Kitabxana tərəfindən akademikin 70 illik yubileyi münasibətilə hazırlanan “Xalq yazıçısı Kamal Abdulla” adlı virtual sərgi də nümayiş olunub.

Daha sonra çıxış edən AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Xalq şairi Ramiz Rövşən, Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, fəlsəfə elmləri doktoru Niyazi Mehdi, professor Rəhilə Qeybullayeva və digərləri Kamal Abdulla yaradıcılığının çoxşaxəliliyi, eləcə də kitabın əhəmiyyəti haqqında söz açıblar.

Daha sonra Kamal Abdulla çıxış edərək ilk öncə ona yubileyi münasibətilə “Şərəf” ordeni ilə təltif edilməsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, təqdimat mərasiminin təşkilinə görə Mədəniyyət Nazirliyinə, Milli Kitabxanaya, tədbirin iştirakçılarına öz təşəkkürünü ifadə edib.

Sonda qonaqlar Kamal Abdullanın həyat və yaradıcılığını əhatə edən geniş kitab sərgisi ilə tanış olublar.