Azərbaycan Milli  İncəsənət Muzeyi və Moskvadakı “Qaraj” Müasir İncəsənət Muzeyinin əməkdaşları arasında “Onlayn inklüziya. “Qaraj” muzeyinin təcrübəsi” mövzusunda onlayn görüş keçirilib.

Hər iki müəssisə bir ilə yaxındır davam edən pandemiya ilə bağlı muzey proqramlarının azaldığı şəraitdə sağlamlıq imkanları məhdud olan şəxslərlə iş təcrübələrini bölüşüblər.  Rusiyanın muzey mütəxəssisləri onlayn formatın böyük tələbat yaratdığı bir zamanda “Zoom” proqramına paralel olaraq OBS və ya “vMix” proqramlarının da əhəmiyyətini diqqətə çatdırıblar. Ziyarətçilər üçün qurulan bu cür ünsiyyət proqramları istənilən layihənin coğrafi miqyasını genişləndirir. Mövcud vəziyyət internat və reabilitasiya mərkəzləri ilə onlayn iş şəraiti üçün geniş imkanlar yaradır. “Zoom” proqramı sayəsində muzeyin sosial şəbəkələrində izləyicilərin sayı qısa zaman kəsiyində iki dəfə artır.

Muzey əməkdaşlarının virtual görüşü zamanı  “Başqa cür de” onlayn təlimi, görmə məhdudiyyəti olan ziyarətçilər üçün vizual qavrayış tələb etməyən xüsusi onlayn proqramlar və videofraqmentlərin birgə baxılmasını və qrupda daha sonra müzakirəsini təmin edən “Kinoklub” proqramı barədə təcrübə mübadiləsi aparılıb.

Vurğulanıb ki, böyük ehtimalla onlayn proqramlar hələ uzun illər muzey həyatında  mövcud olacaq  və hibrid xarakteri daşıyacaq.  Bir çox mühazirəçilər və spikerlər onlayn rejim fəaliyyətini üstün tutaraq, qarşılıqlı əlaqə üçün daha əlverişli hesab edirlər.