Ölkəmiz Avstriyada keçirilən beynəlxalq turizm sərgisində hər il təmsil olunur
   

    Yanvarın 14-dən 17-dək Vyanada növbəti beynəlxalq tətil yarmarkası - “Ferien-Messe Wien 2010“ təşkil edilib. Yarmarkada dünyanın 70-dən artıq ölkəsindən turizm, səyahət və asudə vaxtın təşkili işi sahəsində fəaliyyət göstərən 820-dən çox şirkət iştirak edib. Ümumi sahəsi 29 min kvadratmetrdən çox olan ərazidə müxtəlif ölkələrlə yanaşı, Avstriyanın 9 federal əyaləti də öz turizm imkanlarını nümayiş etdirib. Builki yarmarkanın tərəfdaşları Tunis (xarici ölkə qismində) və Zaltsburq (yerli region qismində) olub.
   Yarmarkada Azərbaycan daha geniş tərkibli heyətlə iştirak edib. Belə ki, bu il Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə yanaşı, ilk dəfə olaraq, «AL Travel» turizm şirkəti və «Azerbaijan review» jurnalının təmsilçiləri də yarmarkada təmsil olunublar. Nazirliyin turizm şöbəsindən qəzetimizə verilən məlumata görə, Azərbaycan üçün ayrılmış guşədə ölkəmizin turizm imkanları, respublikanın müxtəlif regionları, mədəniyyətindən və tarixindən bəhs edən kitablar, broşürlər və bukletlər paylanıb, milli incəsənət nümunələri və suvenirlər nümayiş etdirilib, filmlər göstərilib. İngilis və alman dillərində hazırlanmış nəfis tərtibatlı kitabçalar sayəsində yarmarka iştirakçıları Azərbaycanın müxtəlif regionları ilə yanaşı, mehmanxanaları, ölkənin turizm bölgələrinə səfər marşrutları və digər sahələrdə praktiki informasiyalar əldə ediblər.
   Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifa etdiyi Azərbaycan milli oyun havaları və kompozisiyalar yarmarka iştirakçıları tərəfindən böyük rəğbət və maraqla qarşılanıb.
   Qeyd edək ki, Avstriyada turizm sahəsində hər il 130 milyon gecələmə qeydə alınır. Həm yay, həm də qış turizminin ölkədə geniş inkişaf etməsi turistlərin Avstriyaya marağını artırmaqla yanaşı, yerli əhali belə yarmarkalar vasitəsilə yay məzuniyyətləri üçün maraqlı regionlarla tanış olurlar. Hər il təşkil edilən yarmarkanın əsas məqsədi yerli əhalini həm Avstriyanın, həm də digər ölkələrin turizm potensialı barədə ətraflı şəkildə məlumatlandırmaq, aktual mövsüm kataloqları əsasında insanlara tətil seçimlərində istiqamət vermək və həmçinin turizm mütəxəssisləri arasında təcrübə mübadiləsi aparmaqdır.
   
   F.ABDULLAYEVA