Onlayn görüşdə müzakirə edilib

ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təşkilatçılığı ilə “Azərbaycan animasiyasının gələcəyi” mövzusunda onlayn görüş keçirilib.

Bu il üçüncü dəfə təşkil olunan görüşdə Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov, “Azanfilm”, “3 Dost”, “Harmony of Chaos”, “Tartoniks”, “Macara TV”, “Azkinder” və “Animafilm” animasiya studiyalarının nümayəndələri, rejissor, prodüser, animasiya rəssamları, animatorlar, ssenari müəllifləri və bəstəkarlar iştirak edib.

Nazirliyin şöbə müdiri Rüfət Həsənov ölkəmizdə həyata keçirilən yeni kino islahatlarından söz açıb. O, həmçinin yeni yaradılacaq Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və nazirliyin “Böyük Qayıdış” adlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi haqqında ətraflı məlumat verib.

Daha sonra ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyev “Azərbaycan Animasiya Assosiasiyası” (AAA) adlı ictimai birliyin yaradılması haqqında məlumat verib. Bildirib ki, ictimai birliyin məqsədi milli animasiya sənayesinin inkişafına töhfə verməkdir.

Qeyd edək ki, 2018-ci ildə yaradılmış ANİ̇MAFİLM Azərbaycanın ilk və yeganə beynəlxalq animasiya festivalıdır. Festival hər il oktyabr ayında keçirilir və beş gün ərzində tamaşaçılara zəngin proqram və onlarla yerli və xarici animasiya filmi təqdim edir. Təşkilatçıların məqsədi yerli və xarici tamaşaçıları, peşəkarları vahid platformada görüşdürməklə faydalı əməkdaşlıq qurmaq, gənc və perspektivli kadrların yetişdirilməsinə töhfə vermək, həmçinin Azərbaycanda animasiya sənətini təbliğ və inkişaf etdirməkdir.

Lalə AZƏRİ