Fevralın 2-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litvanın Azərbaycandakı Səfirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Fondun prezidenti Günay Əfəndiyeva və Litvanın Azərbaycanda və Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas tərəfindən imzalanan memorandumda qarşılıqlı mədəni mübadilə, Litvanın türk etnik kökənli azsaylı xalqlarının – tatarların və karaimlərin tarixi, mədəni irsinin qorunması, birgə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri əksini tapıb.
Tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv və müşahidəçi ölkələrin səfirləri iştirak ediblər.
Fondun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq, imzalanan memorandumun əhəmiyyətini vurğulayıb: “Söhbət Litvada yaşayan türkdilli xalqların - karaimlərin və tatarların mədəni irsinin qorunmasından, onların tarixindən və adət-ənənələrinin təbliğindən gedir. Düşünürəm ki, memorandum Litva üçün də önəmlidir, çünki bu, ölkənin öz ərazisində yaşayan azsaylı xalqlara münasibətini göstərir”.
Fondun Litva səfirliyi ilə əməkdaşlığın 2019-cu ilin oktyabrında Türkdilli ölkələrin dövlət başçılarının Bakıda keçirilən VII Zirvə toplantısı zamanı yarandığını deyən Günay Əfəndiyeva diqqətə çatdırıb ki, həmin sammit çərçivəsində təşkil olunan “Türk Dünyası Həftəsi”nə Litvadan karaimlərin təmsilçisi, məşhur sənətçisi Severina Şpakovska da qatılmışdı. Bu, əməkdaşlıq üçün bir başlanğıc oldu. Qeyd olunub ki, bu il Litvada etnik azlıqlar ili elan olunub və bu çərçivədə bizi birgə tədbirlər, layihələr gözləyir.
Səfii Eqidius Navikas da sənədin əhəmiyyətini qeyd edib: “Memorandumun imzalanmasında Litvanın marağı ondan ibarətdir ki, bizim əvvəllər də türk dünyası ilə çox sağlam və dərin bağlantılarımız olub. Litvada kiçik, ancaq özünəməxsus azsaylı nümayəndələr – tatar və karaimlər yaşayır. Tatar və karaim xalqları XV əsrdə Böyük Litva Knyazlığı tərəfindən Krım ərazisindən Litvaya dəvət olunublar”.
Tarixi faktlara toxunan səfir vurğulayıb ki, 1918-ci ildə Birinci Dünya müharibəsinin başa çatması və Rusiya imperiyasının dağılmasından sonra bir çox tatarlar Krımda yeni hakimiyyətin formalaşmasında iştirak ediblər. Litvadakı tatarlar da bu prosesdə yer alıblar. Diplomat bildirib ki, ötən dövrdə Litvada yaşayan tatar və karaimlər, azlıq təşkil etmələrinə baxmayaraq öz kimliklərini qorumağa nail olublar.
Tədbir çərçivəsində konsert proqramı da təşkil olunub. Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupu, eləcə də Muğam televiziya müsabiqəsinin qalibi Gülzar Fərəcova, Beynəlxalq muğam müsabiqəsinin qalibi Orxan Hüseynli və gənc ifaçı Amina Nurmakhambetova çıxış ediblər.