Ötən yüzilliyin yetmişinci illərində Azərbaycan təsviri sənət məkanında yaşanan duyulası yüksəliş fonunda gənc yaradıcıların sərgi salonlarının ekspozisiyalarına yol tapmaları elə də asan deyildi. O vaxtlar yaradıcılıqlarının çiçəklənmə dövrünü keçirən bir çox görkəmli rəssam və heykəltəraşlarla rəqabət aparmaq sənətin çətin yollarında ilk addımlarını atan müəlliflər üçün, demək olar ki, mümkünsüzdü. Həmin illərdə hər hansı gəncin əsərinin yaşlı nəslin nümayəndələrinin iştirak etdiyi sərgidə nümayişi isə ilk növbədə yaşlı nəslin onun gələcəyinə bəslədiyi ümidin göstəricisi sayılırdı. Bu mənada gənc Ağəli İbrahimovun 1972-ci ildə – M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun tələbəsi olaraq “SSRİ – bizim vətənimizdir” adlı respublika sərgisinin komissiyasına təqdim etdiyi “Sona bülbüllər” tablosunun tanınmış sənətkarlar tərəfindən təqdir görməsi və həmin əsərin rəssamlıq məkanında hadisə kimi dəyərləndirilməsi, milli rəngkarlığımza yeni və çox istedadlı bir yaradıcının gəlməsinin etirafı oldu.
Xalq arasında məşhur olan “Sona bülbüllər”in çox fərqli bir ifasını sərgiləyən Qədir Rüstəmova həsr olunmuş bu tablo geniş ictimaiyyətin hələ yaxşı tanımadığı xanəndənin obrazının əyaniləşdirilməsi baxımından da maraqlı idi. Əsərin bədii məziyyətlərinə gəldikdə isə, ilk növbədə burada gənc müəllifin çoxfiqurlu kompozisiyanı mahnının ritminə müvafiq yaşantılı bədii ekspressiyaya bələməsini qeyd etmək lazımdır. Xanəndəni müşayiət edən beş çalğıçının hər birinin ifa etdiyi alətin sehri ilə baş-başa qaldığını qabarıq göstərməyə çalışan rəssam mahnı “sehr”inin məhz xanəndənin qeyri-adi ifasından qaynaqlandığını bədii vasitələrlə vurğulamışdı. Bir sözlə, rəng səthində görünənlər fərqli dünyagörüşünün və ifadə tərzinin özünəməxsusluğunun ifadəsi idi. Tablonun ümumi estetikasındakı musiqili ruhun bilavasitə müəllifin həm də orta musiqi təhsili almasından və bəstələdiyi mahnıların bir çox tanınmış müğənnilər tərəfindən ifa olunduğundan da keçdiyini deməliyik...
Bu yerdə onu da əlavə edək ki, gənc rəssam “Əzimzadə məktəbi”ndə təhsildən (1960-1966) dərhal sonra bir neçə dəfə müxtəlif sərgilərdə iştirak etsə də, həmin əsərləri sıradan qəbul olunmuşdu. Odur ki, ilk böyük uğur gənc rəngkarı yeni və daha maraqlı əsərlərin yaradılmasına həvəsləndirdi. Onun sonrakı illərdə ərsəyə gətirdiyi “Qoç döyüşü” (1973), “Qarabağ çobanları” (1973), “Çıraq ilə natürmort” (1974), “Avtoportret” (1975), “Qaçan adam” (1976), “XX əsr” (1977) və “Nar dənəsi” (1977) əsərlərində dəst-xətt özünəməxsusluğu və gerçəkliyə qeyri-adi baxışın mövcudluğu da bunun ifadəsi oldu. Başqa sözlə desək, həyatda gördüyü estetik qaynaq işartılarından belə heyrətlənməyi bacaran rəssam onların yaddaqalan bədii tutumda təqdimatı ilə öz tamaşaçısını təəccübləndirdiyindən hər yeni sərgidə gözlər onun əsərini axtarmaqda idi.
Onun ilk yaradıcılıq uğurları ən tələbkar sənət xiridarlarının belə diqqətini çəkmişdi. Məşhur fransız sənətşünası Patrik Persenin onun “Avtoportret” ilə bağlı söylədiyi təqdir də bu mənada gənc rəssam üçün çox qiymətli sayıla bilərdi. Avropalı tədqiqatçı ilk növbədə gecənin qaranlığında rəssamın özünün əbədiyyət rəmzi olan insan kəlləsi ilə qovşaqda təqdimatında tamaşaçısını duyğulandıran psixoloji-fəlsəfi yükün incəliklə ifadəsini görə bilmişdi...
Rəssamlıq məkanında XX yüzilliyin son qərinəsinin təzadlı və maraqlı hadisələrlə müşayiət olunduğunu xatırlatmaqla deməliyik ki, həmin dövrdə ali təhsili SSRİ-nin iri şəhərlərində alanların müəllimlərinin – məşhur fırça ustalarının təsiri altına düşmək “mərəz”i geniş yayılmışdı. Bu baxımdan həmin təsirdən yaxa qurtara bilməyən əksər yaşıdlarından fərqli olaraq, Bakıda oxuyan Ağəli İbrahimovda hansısa məşhura bənzəməyin əlaməti yox idi.
Rəssamın hər birində emosionallıq duyulan tablolarının rəng qatından “boylanan” çoxqatlılıqda həm də fəlsəfi yük mövcud olduğundan onların hər biri bütün mənalarda düşündürücüdür. Müqayisə üçün deyək ki, zamanında yaşıdlarından Fərhad Xəlilov dahi Səttar Bəhlulzadənin “fəlsəfi mənzərə” yaratmaq ənənəsini davam etdirmişdisə, Ağəli İbrahimovun sərgilədiyi bədii yanaşmalarda Mircavad Mircavadov və Əşrəf Muradoğlu yaradıcılığı ilə səsləşə biləcək estetika hiss olunurdu. Başqa sözlə desək, onun yaratdığı rəng qatının hər santimetrində rəssam qəlbinin döyüntüləri, təzadlı yaşantılarının izi duyulmaqdadır.
Ağəli İbrahimovun səksəninci illərdə sərgi salonlarında tamaşaçı heyrətinə səbəb olan “Toy” və “Novruz bayramı”, eləcə də “Ruhun vəhdəti”, “Dördüncü ölçü”, “Həqiqət qarşısında”, “Oyanma” və s. tablolarında el adətinə və etnoqrafik dəyərlərə münasibət, həm də rəssam arzuları ilə qovşaqda təqdim olunduğundan, onlarda yer alan çoxsaylı fiqurların çöhrələri əhatələndikləri mühitə çoxqatlı fəlsəfi baxış kimi qəbul olunur.
Doxsanıncı illərin ideologiyadan azad olmuş təsviri sənəti, müstəqilliyimizin ilk dövrünü əhatə etməklə yanaşı, həm də rəngkarlıq, heykəltəraşlıq və qrafika sahəsində fəaliyyət göstərən müəlliflərin çox vaxt sona qədər üzə çıxmayan daxili yaşantılarının ifadəsinə imkan yaratdı. Bu yerdə deyək ki, əslində, Ağəli İbrahimov baş verənlərin bir o qədər də fərqində deyildi. Çünki onun həyat hadisələrinə və onların bədiiləşdirilməsinə asılılıqdan uzaq münasibəti dəyişməz qalmışdı. Bunu onun həmin illərdə yaratdığı əsərləri də təsdiqləyir. Bu mənada onun “Nar şirəsi”, “Valideynlərimin xatirəsinə”, “Əbədiyyətə qovuşanlar”, “İudanın qayıdışı”, “Kamalın xatirəsinə”, “Yer kürəsinin sonu” kimi fəlsəfi qayəli əsərlərinin adını çəkmək olar. Rəssam ikilənən insan və zamanın qarşıdurmasına işıq salan fəlsəfi qayəli əsərləri ilə milli rəngkarlığımızı daha da zənginləşdirməyə nail olmuşdur. Rəng qatının hər qarışını rəssam qəlbinin döyüntülərindən qaynaqlanan estetik tutumla zənginləşməsinin nəticəsidir ki, müxtəlif mövzulu bu tabloların hər biri cəlbedici və düşuuml;ndürücü qəbul olunur...
Elə ilk əsərlərindən sənətsevərlərin rəğbətini qazanan Ağəli İbrahimovun sənətkarlığının kamilləşdiyi 2000-ci illərdə yaradıcılığı, say etibarilə əvvəlki dövrlərdən bir qədər az olsa da, miqyasına və əhəmiyyətinə görə yaddaqalan olmuşdur. Bu ilk növbədə onun özünəməxsus yaradıcılıq prosesinə malik olması, süjetli tabloları üzərində davamlı axtarışlar aparması ilə əlaqədardır. Daima milli və bəşəri dəyərlərə obrazlı, daha dəqiq desək, fəlsəfi-psixoloji tutum verən rəssam görünənləri bir qayda olaraq “sirr qatına” bələdiyindən həmin əsərlər bir qayda olaraq tamaşaçısını dialoqa çəkmək gücündədir. Buna onun Bakıda gerçəkləşən ilk fərdi sərgisindəki (2011) əsərlərin timsalında da əmin olmaq mümkün idi. 38 iri ölçülü tablonun nümayiş olunduğu həmin sərgi sənətsevərlər arasında indi də xatırlanmaqdadır. Heç şübhəsiz, ilk növbədə onların hər birində çox vaxt gözümüzdə adiləşdiyi güman edilən mövzulara fərdi və fərli bədii yozum tapıldığına görə...
Rəssamın sərgidən bir müddət sonra – 2012-ci ildə tamamladığı onmetrlik “Soyqırımı” tablosu XX əsrdə yaşanan faciələrimizə obrazlı tutum vermək baxımdan həm də tarixi əhəmiyyət kəsb edir. 1918-ci ildə daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif şəhərlərində törətdikləri vəhşiliklər əsərin əsas süjetini təşkil edir. Bu soyqırımının ümumiləşdirilmiş obrazını yaratmağa çalışan rəssam, kompozisiyanı üfüqi olaraq iki hissəyə bölməklə, həm yeri, həm də kətanda duyulası yer tutan səmanı məna-məzmun tutumunun açımına yönəldə bilmişdir. Odur ki, yerdə qərarlaşan faciə qurbanları da, onların üzərində “ucalan” və ağrı daşıyıcısı kimi təqdim olunan təzadlı rəng çalarlarına bələnmiş səma da sanki danışır...
“Sonun başlanğıcı” və “Çağırış” (hər ikisi 2000-ci illər) tablolarında da rəssamın tamaşaçısı ilə dialoq qurmaq istəyi duyulmaqdadır. Çoxfiqurlu olması ilə yaddaqalan birinci əsərdə müxtəlif mənəvi-psixoloji tutumlu obrazların duruşlarında ifadə olunan fikir yükü ikinci əsərdə mavi səmadan imdad diləyən iki qanlı əldə ifadə olunub. Suallı olduğu elə ilk baxışdan duyulan hər iki əsərin dünyamızda yaşananlarla anım yaratması kifayət qədər hiss olunandır...
Əgər rəssamın bədii irsinə nəzər salsaq, onun müxtəlif illərdə ərsəyə gətirdiyi “Divar” (1985), “Yuva” (2000), “Mənim məbədim” (2005), “Təmas” (2000-ci illər), “Niyə?” (2000-ci illər), “Yaradanın rəssamı” (2010) tablolarında da yuxarıda vurğuladığımız çoxqatlı estetikanın qərarlaşdığını görə bilərik. Bəzi əsərlərini çıxmaq şərtilə, əksər tablolarında məna-məzmun yükünün gerçəkçi realizmdən qaynaqlanan bədii ümumiləşdirmələrlə ifadə olunduğunu, bununla da rəng qatından “boylanan” həqiqətlərin ümumbəşəri mahiyyət daşıdığına bədii işarə vuran və Yaradanına “qovuşmağa” çalışdığını sərgiləyən rəssam, ilkin ağlığını–işığını rəng təzadlarına dəyişən səthdə insanın yer üzündəki missiyasına düşündürücü əyanilik gətirməyə nail olmuşdur. Həm bu, həm də ümumiyyətlə, digər süjetli əsərlərində bir çoxlarından fərqli olaraq kompozisiyanın müxtəlif ayrıntılarını “dərəcə”lərə bölməyən müəllif bununla da görünənlərin bu və ya digər dərəcədə məna-məzmun daşıyıcısı olduğunu vurğulamaq istəmişdir.
2009-cu ildə yaratdığı və hazırda Vatikan muzeyində nümayiş etdirilən “Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Roma Papası” tablosu istisna olmaqla, əksər əsərlərində onu düşündürən mövzuları daha əhatəli miqyasda təqdim etməyə üstünlük verən Ağəli İbrahimov, bununla da gördüklərinin və duyduqlarının bəşəriliyini göstərməyə çalışmışdır. Odur ki, onun zamansızlığa və məkansızlığa qovuşduğu birmənalı olan belə əsərləri məşhur muzeyləri və şəxsi kolleksiyaları bəzəməkdədir. Görkəmli sənətkarın respublikanın Əməkdar incəsənət xadimi (2002) və Xalq rəssamı (2006) fəxri adlarına layiq görülməsi də onun milli təsviri sənətimizə verdiyi töhfələrə cavabdır.
Bu günlərdə 75 yaşı tamam olan Ağəli İbrahimov yaradıcılıqla yanaşı, həm də pedaqoji fəaliyyətlə məşğuldur. Bakı Xoreoqrafiya Akademiyasının professoru olan Ağəli İbrahimov gənc yaradıcılara diqqət və qayğı baxımından həmkarları arasında xüsusilə seçilir. Ona rəğbət doğuran bu keyfiyyətlərinin bənzərsiz insani – yaradıcı təbiətindən irəli gəldiyi birmənalıdır...
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor