Müharibə və pandemiya dövründə sevgidən bəhs edən film
Rusiyalı yazıçı-jurnalist, “Biznes-Dialoq-Media” nəşriyyat-kommunikasiya qrupunun baş direktoru, “Russian Business Guide” nəşrinin baş redaktoru Mariya Suvorovskaya Azərbaycanda da tanınan simadır. Ölkəmizə xoş münasibət bəsləyən Mariya Suvorovskayanın “Xəzər üzərində yelləncək” kitabı 2018-ci ildə Rusiyada, sonra isə ölkəmizdə Azərbaycan dilində işıq üzü görüb. 2020-ci ildə isə Bakıda “Xəzər üzərində yelləncək” adlı film çəkilib. Filmdə baş rolu müəllif özü oynayıb.
Bu günlərdə “Youtube” şəbəkəsində filmin çəkiliş prosesindən “səhnəarxası kadrlar” təqdim edilib. Azərbaycan tamaşaçılarının da maraqla gözlədiyi filmin premyerası aprel ayına planlaşdırılıb.
Odlar Yurduna böyük məhəbbət bəsləyən Mariya Suvorovskayanı Azərbaycanda “ruhən bakılı, cismən moskvalı xanım” adlandırırlar. O, AZƏRTAC-a açıqlamasında bütün dünya üçün mürəkkəb pandemiya dövründə belə bir filmin necə çəkilməsi barədə danışarkən deyib: “Həqiqətən, məhdudiyyətlər çox idi. Filmin çəkilişi keçən il avqust-sentyabr aylarında, bütün təhlükəsizlik tədbirlərinə riayət edilməklə baş tutub. Maskasız işləyən yalnız aktyorlar idi. Bakı koloriti ilə zəngin, çox parlaq bir film alınıb. Ümidvaram ki, auditoriya bizim filmimizi səmimi qarşılayacaq. Bunun üçün qüvvəmizi və Azərbaycana sevgimizi əsirgəməmişik”.
COVİD-19 virusunun bütün planetə hücum etdiyi indiki şəraitdə sevgi duyğuları daha kəskin olur, məhəbbət isə hər cür vaksindən güclü və ən sülhməramlı vasitədir. Pandemiya, qeyri-müəyyənlik, qorxu və təhlükə, sərt karantin və iqtisadi qeyri-sabitlik kimi amillərlə dolu mürəkkəb bir ildə həqiqi sevgidən bəhs edən kino əsəri yaranıb.
Filmdə bəhs edilən hadisələr Moskvada və Bakıda cərəyan edir. Süjetin mərkəzində klassik sevgi üçbucağı mövzusu var. Əsərdə toxunulan problem təzə deyil, lakin müasir dövrdə də aktuallığını saxlayır. Xəzər üzərində emosiyalar yelləncəyində puç olmuş minlərlə bu cür əhvalata oxşayan filmin süjeti bir daha xatırladır ki, dünyamız iki böyük sivilizasiyaya bölünür – Qərb və Şərq sivilizasiyaları. Hər biri öz yerində sərt qayalar kimi möhkəm dayanan, spesifik mədəni ənənələrə malik olan bu sivilizasiyaları hər şeyə – mental fərqlərə, valideynlərin və ictimaiyyətin fikirlərinə rəğmən həmişə mövcud olan sevginin köməyi ilə anlamaq və barışdırmaq mümkündür.
Onu da qeyd edək ki, filmin çəkilişi Azərbaycanda Vətən müharibəsinin başlaması və hərbi vəziyyət elan edilməsi ərəfəsində yekunlaşıb. Bütün çətinliklərə baxmayaraq film öz auditoriyasının görüşünə gəlməyə borclu idi. Regionda sülh bərpa edilib və film baharda ekranlara çıxacaq.
Filmdə əsas kişi rolunu Şukin adına məktəbin tələbəsi Emil Həsənzadə oynayıb. Bu əhvalat Emilə həm də ona görə yaxındır ki, o, iki mədəniyyətin təmsilçisidir: anası rus, atası isə azərbaycanlıdır. “Xəzər üzərində yelləncək” filminin hər bir kadrı sübut edir ki, insanlar arasında mental və mədəni fərqlər həqiqi sevgiyə və xoşbəxtliyə mane ola bilməz.
“Caspian Media Group” və “Biznes-Dialoq-Media” şirkətləri tərəfindən çəkilmiş filmin rejissoru Qulu Əsgərov, baş prodüseri Hüseyn Cavadzadə, operatoru Rauf Qurbanəliyev, icraçı prodüseri Səadət Qarayevadır.