Azərbaycan Respublikası və İran İslam Respublikasının birgə hazırladığı “Hirkan meşələri” adlı transmilli nominasiya sənədi UNESCO-nun Dünya irs siyahısına daxil edilməsi üçün Dünya İrs Mərkəzinə təqdim edilib.

Nominasiya sənədini Azərbaycan Respublikası adından ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev, İran İslam Respublikası adından isə bu ölkənin mədəni irs nazirinin müavini Məhəmməd Həsən Talebiyan imzalayıblar.

“Hirkan meşələri” nominasiya sənədi UNESCO Dünya İrs Komitəsinin 2022-ci ilin iyun-iyul aylarında keçiriləcək 45-ci sessiyası zamanı nəzərdən keçiriləcək.

Xatırladaq ki, Hirkan meşələri təbiət abidəsi olaraq ilk dəfə 2019-cu ilin iyul ayında Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası zamanı İran İslam Respublikası tərəfindən siyahıya daxil edilib və Azərbaycan tərəfi sözügedən nominasiyaya qoşulmağa dəvət olunub.