Fevralın 4-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Bakıda səfərdə olan Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin nümayəndə heyəti ilə görüşüb.

Günay Əfəndiyeva qonaqları salamlayaraq 2020-ci ilin Vətən müharibəsi dövründə türkdilli ölkələrin, xüsusilə qardaş Türkiyənin Azərbaycanın əzəli torpaqlarının işğaldan azad olunması uğrunda apardığı haqlı mübarizəsinə göstərdiyi dəstəyi vurğulayıb: “Bununla da Türkiyə-Azərbaycan dostluğunun, həmrəyliyinin əbədiliyi və sarsılmazlığı bütün dünyaya bir daha sübut olundu”.

Fond və Türk Dünyası Mühəndislər və Memarlar Birliyi arasında sıx əməkdaşlığın olduğu qeyd edilib. Bildirilib ki, Türk Dünyası Mühəndislər və Memarlar Birliyi tərəfindən 2016-cı ili Azərbaycan xalqının ümummilli iiderinin xatirəsinə ehtiram əlaməti olaraq “Heydər Əliyev ili” elan edilmiş və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə Ankarada ilin açılış mərasimi keçirilmişdi”.

Günay Əfəndiyeva, həmçinin 30 ilə yaxın erməni işğalı altında olmuş Qarabağda Azərbaycanın tarixi, dini, mədəni abidələrinə qarşı törədilmiş vandalizmdən bəhs edib. Yanvar ayında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY və Türk Şurasının rəhbər şəxslərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına səfər etdiyi diqqətə çatdırılıb.

Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi İlyas Dəmirçi Azərbaycana səfərindən, eləcə də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olmağından məmnunluğunu bildirib. O, Azərbaycanın qədim torpaqlarının işğalçılardan təmizlənməsinin və qazanılan şanlı zəfərin bütün türk dünyasına böyük qürur yaşatdığını vurğulayıb. İlyas Dəmirçi, həmçinin Qarabağda yerləşən memarlıq nümunələrinin dağıdılması, təhqir olunması əməllərini qətiyyətlə pisləyərək, abidələrin bərpa edilməsi istiqamətdə görülməsi planlanan işlər barədə məlumat verib.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

Qeyd edək ki, birliyin nümayəndə heyəti Qarabağ bölgəsində yerləşən maddi-mədəni abidələrə dəyən zərəri, eləcə də bu istiqamətdə görülə biləcək işləri müzakirə etmək məqsədilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda keçiriləcək “Qarabağın keçmişi, bu günü və gələcəyi” mövzusunda konfransda iştirak etmək üçün Azərbaycana səfər edib. Konfrans fevralın 5-də keçiriləcək.