Samux rayonunun ərazisindəki müalicəvi su ehtiyatlarından səmərəli istifadə olunması məqsədilə rayon icra hakimiyyəti yeni kompleks tədbirlər planı hazırlayıb. Bu məsələ ilə əlaqədar yaradılan komissiya rayonda çıxan müalicəvi su mənbələrinə baxış keçirib və onlardan səmərəli istifadə olunması məqsədilə müxtəlif təkliflərlə çıxış edib.
Rayon icra hakimiyyətindən AzərTAc-a verilən açıqlamaya görə, həmin təkliflər əsasında əhalinin ən çox istifadə etdiyi Əli Bayramlı kəndi yaxınlığındakı müalicəvi su yatağında yeni sanatoriya və turist bazasının tikintisi üçün hazırlıq işlərinə başlanılıb.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev rayonda müalicəvi su ehtiyatlarından turizmin inkişafına xidmət üçün istifadə etməyin mümkünlüyündən danışaraq deyib ki, Samuxda müalicəvi su ehtiyatları çoxdur və insanlar bu sulardan primitiv üsulla istifadə edirlər. Bütün bunları nəzərə alaraq ilk dəfə Əli Bayramlı kəndi yaxınlığında 5 mərtəbəli turist kompleksinin inşa olunması nəzərdə tutulub. Burada gün ərzində 100 nəfərə yaxın insanın müalicəsi üçün digər infrastrukturun yaradılması da nəzərdə tutulur.
Fəxriyyə Abdullayeva